Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə silahlı basqın edilməsi ilə bağlı yaydığı məlumatlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisənin başvermə forması – 15-ə yaxın şəxsin beş avtomobillə əraziyə gəlməsi, hasardan həyətə daxil olması bunun sıradan bir oğurluq hadisəsi olmadığı barədə şübhələr yaradıb.
Jurnalist İlkin Muradov da sosial şəbəkə hesabında hadisənin ziddiyyətli məqamlarına diqqət çəkib:
“Normalda heç kim 5 maşınla, 15 nəfərlə basqına gəlməz. Hər yer kamera olan bir vaxtda… Düşünürəm ki, xanım ilk açıqlamasında bəzi məqamları, həqiqətləri deməyib. Əsas səbəbi…
Sıradan bir oğurluq, quldurluq hadisəsi deyil. Və bunu edənlər bu rahatlığı hardan tapıb, onu da aydınlaşdırmaq mütləqdir”.
Bir qədər sonra hadisə ilə yeni məlumatlar açıqlanıb.
Fira Cəlilovanın silahlı basqın kimi təqdim etdiyi hadisə əslində, axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən polis əməliyyatı olub. Həmin şəxs Fira Cəlilovanın dediyi bağ evində gizlənibmiş. Hadisə yerinə gedən şəxslər də polis əməkdaşları imiş.
Həmin şəxsin evdə gizləndiyi məlum olub. Lakin ev sahibi həmin şəxsi polislərə təhvil verməyib. Polislər də hasardan düşərək həmin şəxsi aparıblar.
Mətbuatda adı keçən, saxlanılan şəxs də məhz bu şəxsdir. Yəni aparıcının evinə basqın iddiasına görə saxlanılan yoxdur.
DİN axtarışda olan şəxsin saxlanıldığını təsdiqləyib
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub:
“Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır”.
Saxlanılan şəxs aparıcının qohumu deyil
Hadisə ilə bağlı yayılan yeni məlumatlara görə, saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsi yoxdur.
Əvvəllər də məhkum olunmuş Hüseynovun çoxsaylı cinayətlərə görə axtarışda olduğu və bilərəkdən bağ evində gizlədildiyi bildirilir.
Cavabsız qalan suallar
Ortaya çıxan yeni təfərrüatlar hadisənin mahiyyəti ilə bağlı ilkin təsəvvürləri ciddi şəkildə dəyişir.
Fira Cəlilovanın Əlihüseyn Hüseynovla hansı əlaqəsi var? Qohumluq münasibəti olmayan bu şəxs hansı səbəbdən aparıcının bağ evində gizlənib? Onun polis tərəfindən axtarıldığı ev sahibinə məlum idimi?
Əgər bağ evinə gələnlər polis əməkdaşları olubsa, aparıcı hadisəni niyə silahlı basqın və oğurluq kimi təqdim edib?
Digər tərəfdən, Fira Cəlilovanın evdən 30 min manatlıq zinət əşyalarının, mobil telefonların, müşahidə kameralarının və digər avadanlıqların aparılması ilə bağlı iddiaları da cavabsız qalır. DİN-in açıqlamasında bu məsələlərə münasibət bildirilməyib.
Beləliklə, ictimaiyyətə silahlı basqın kimi təqdim olunan hadisə ilə bağlı ortaya tamamilə fərqli mənzərə çıxır.
İndi həm Fira Cəlilovanın yeni məlumatlara, həm də DİN-in aparıcının səsləndirdiyi konkret iddialara münasibət bildirməsi hadisənin bütün tərəflərinə aydınlıq gətirə bilər.
BakuPost