Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:55 / 09 İyul 2024

“Gxq” yazan fəlsəfə doktorundan nə gözləyəsən? - Qulu Ağsəs

2029
Azərbaycan dilinin qaydalarına əməl olunmaması məsələsi tez-tez gündəmə gətirilir. Xüsusən də KİV-də çalışanlar - jurnalist və teleaparıcılar ana dilinin normalarını bilməməkdə günahlandırılırlar.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Əməkdar jurnalist, şair Qulu Ağsəs bu məsələyə görə bir çoxlarının məsuliyyəti üzərindən ataraq sosial şəbəkələri ittiham etdiklərini bildirib.

Onun sözlərinə görə, dili qorumalı olan qurumları kənara qoyub sosial şəbəkələri ittiham etmək doğru deyil:

“Sosial şəbəkədə olan o böyük kütlənin dili qorumaq kimi bir öhdəliyi yoxdur. Onun biri bənnadır, digəri işsizdir, o biri fəhlədir. Onlar boş vaxtlarında, ya da iş vaxtı sosial şəbəkəyə daxil olub öz fikirlərini istədikləri kimi izah edirlər. Onları nə dilin qayda-qanunu, nə keçmişi, nə də gələcəyi narahat edir. Buna görə məsuliyyət də daşımırlar”.

Q.Ağsəs yazıçı, jurnalist, televiziya işçısı, dilçi alim və müəllimlərin dili qorumağa birbaşa borclu olduqlarını bildirib:

“İndi çox pis bir mənzərə yaranıb. Sosial şəbəkələri Azərbaycan dilinin qaydalarına uyğunlaşdırmaq əvəzinə, artıq "sosial şəbəkə dili" deyilən bir dil formalaşdırıblar. Azərbaycan dilini də ona tabe etdirməyə çalışırlar. Hətta bunu həyata da keçirirlər. Məsələn, “gxq”, yəni gecən xeyrə qalsın yazan fəlsəfə doktorundan nə gözləyəsən? Yaxud da "salam "sözündən hər iki saiti çıxaran müəllimə nə deyəsən? Deyir ki, belə daha tezdir, çevikdir. Ona görə də istəyirəm ki, hər şeyi öz adıyla çağıraq. Əgər dili televiziya korlayırsa, televiziyaya çıxıb başqasını günahlandırmayaq”.

Yazıçının sözlərinə görə, məsuliyyəti öz üzərimizə götürəndən sonra problem həll olunacaq:

“Gəlin, biz bundan çıxış yolu axtaraq. Onda bu, tapılacaq. Yoxsa ki, jurnal öz məsuliyyətini qəzetin, qəzet saytın, radio televiziyanın, televiziya votsapın üzərinə yıxır. Bu isə "Turp" nağılına oxşayır. Ancaq itirən yalnız və yalnız Azərbaycan dilidir. Dəfələrlə demişəm ki, Azərbaycanın dili Azərbaycan dilinə görə uzundur, Azərbaycan dili bu gün Azərbaycan dilinə görə qısalmağa başlayıb”.

Q.Ağsəs təkcə danışmaqla bu işlərin əmələ gəlmədiyini və praktik nümunələrin vacib olduğunu bildirib:

“İndi Azərbaycan dilindən danışanların uşaqları ingiliscə, fransızca, ya da italyanca təhsil alır. Ona görə də sadə adamları qınamalı deyilik. Əgər professorlar öz uşaqlarını, nəvələrini başqa dildə təhsil almağa yönəldirlərsə, onda belə çıxır ki, bu dil ancaq qara camaat üçündür. Qara camaat isə nəyə görə dilin qeydinə qalmalıdır ki?!”

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar