Almaniya diktatoru Adolf Hitler, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimr Putinin ortaq cəhəti onların narsisist tipli liderlik stilinə sahib olmalarıdır.
Bakupost.az xəbər verir ki, amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə üç lideri təhlil edib.
Belə bir liderlik üslubu özünü ucaldan düşüncə, daimi tərif və heyranlıq ehtiyacı, tənqidə qarşı həssaslıq və hakimiyyəti əldən buraxmaq istəməməklə xarakterizə olunur.
Psixoloqlar qeyd edirlər ki, liderlik üslubu çox vaxt insanın uşaqlıqda keçdiyi psixoloji təcrübələrlə bağlı olur. Narsisist liderlik isə adətən, travmatik və ya sevgi çatışmazlığı olan uşaqlıqdan qaynaqlanır.
2025-ci ilin mayında "Frontiers in Psychology" jurnalında dərc olunmuş tədqiqat da məhz bu mövzuya həsr olunub. Tədqiqatçı Adolf Hitlerin, Vladimir Putinin və Donald Trampın həyat yolunu təhlil edərək, erkən dövrdə formalaşan psixoloji amillərin onların sonrakı illərdə hakimiyyətə aludə olmuş liderlərə çevrilməsində necə rol oynadığını araşdırıb.
Psixoloq Mark Treversin sözlərinə görə, etik səbəblərə görə belə diaqnozlar yalnız şəxsi qiymətləndirmədən sonra qoyula bilər. Üstəlik, ABŞ Psixiatrlar Assosiasiyası tərəfindən qəbul edilən “Goldwater qaydası” ictimai şəxslərə uzaqdan diaqnoz qoymağı qadağan edir.
Bununla belə, tədqiqat böyük hakimiyyətə və nəzarətə can atan, lakin daxildə kövrək özünüdərkə sahib olan liderlərin necə formalaşdığını daha dərindən anlamağa imkan verir.
Adolf Hitler
Adolf Hitlerin uşaqlığı ciddi emosional ziddiyyətlər və travmalarla yadda qalıb. Araşdırmaya görə, atası Alox Hitlər son dərəcə avtoritar, sərt və fiziki cəzalara meyilli biri olub. O, tam itaət tələb edir, lakin sevgi və nəvaziş göstərmirdi.
Tanınmış psixoanalitik və tarixçi Alis Millerin də qeydlərinə əsasən, Hitlerin ailəsində qorxu və gərginlik hökm sürüb. Kiçik Adolf tez-tez şiddətli şəkildə döyülür, sərt intizama tabe etdirilirdi. Bu cür mühit onun gələcək psixoloji quruluşuna və liderlik stilinə güclü təsir göstərmiş ola bilər.
Vladimr Putin
Vladimir Putin 1952-ci ildə müharibədən sonrakı Leninqradda (indiki Sankt-Peterburq) dünyaya gəlib. O, ailəsi iki oğlunu itirdikdən sonra doğulan "əvəzləyici uşaq" olub.
Araşdırmaya görə, atası müharibə veteranı, yaralı və emosional baxımdan soyuq, eyni zamanda fiziki cəhətdən sərt bir insan idi. Əksinə, anası Vladimirin həyatında azsaylı istilik və təsəlli mənbələrindən biri olub.
Psixoloq Trevers qeyd edir ki, bu ailə dinamikası — yəni emosional olaraq uzaq, sərt ata ilə şəfqətli ana arasındakı kəskin ziddiyyət, eləcə də itirilmiş uşaqların yerini dolduran övlad statusu — Putinin şəxsiyyətinin və liderlik tərzinin psixoloji təməlini təşkil edə bilər.
Donald Tramp
Donald Tramp 1946-cı ildə Nyu-Yorkun Kvins bölgəsində anadan olub. Hakimiyyətin və uğurun ən ali dəyər sayıldığı bir ailədə böyüyüb.
Atası Fred Tramp uğurlu daşınmaz əmlak maqnatı idi. O, çox tələbkar, emosionallıqdan uzaq və yalnız nailiyyətlərə fokuslanan bir insan kimi tanınırdı. Tramp onu sərt biri kimi təsvir edir və bildirir ki, atası ona qatil olmağı öyrədib.
Anası Meri Tramp isə daha sakit və kövrək təbiətli idi, lakin tez-tez xəstə olurdu. Bu səbəbdən, Donaldın emosional inkişafında mühüm mərhələlər zamanı anası demək olar ki, həyatında yox idi.
Trampın sözlərinə görə, 13 yaşında hərbi məktəbə göndərilməsi onun formalaşmasında mühüm rol oynayıb. Amma araşdırma müəllifi bu addımı valideynlər tərəfindən "simvolik şəkildə rədd edilmə" kimi qiymətləndirir.
Tədqiqatçı əlavə edir ki, bu vəziyyət Tramp üçün utanc hissi, qəfil “cənnətdən qovulma” kimi bir mənaya gəlirdi, çünki onun qardaşları ailə komfortunu yaşamaqda davam edirdilər.
Donald Trampın böyük qardaşı Fred Jr. isə alkoqolizm problemi ilə mübarizə aparıb və gənc yaşda vəfat edib. Tramp bu hadisənin onun üzərində dərin təsir buraxdığını etiraf edib.
Məqalənin müəllifi yazır ki, bu emosional nüansların izi bu gün Trampın siyasi fəaliyyətində də aydın görünür. Onun mitinqləri, emosional çıxışları, tənqidə qarşı həssaslığı, izdihamın böyüklüyünə və media diqqətinə olan bağlılığı müdafiə mexanizmi ilə idarə olunan ehtişam ehtiyacından qaynaqlanır.
Mənbəyə görə, Tramp tərif və heyranlıq tələb edir və istənilən tənqidi bəlkə də mövcudluğuna yönəlmiş bir təhdid kimi qəbul edir.
Aysel,
BakuPost