Ru
17:58 / 26 Sentyabr 2022

İran Azərbaycanla münasibətləri niyə gərginləşdirir? - Millət vəkilindən açıqlama

3718
"Son günlər İranın bəzi rəsmi şəxslərinin Azərbaycanla bağlı sərt bəyanatının ilk səbəbi ictimaiyyətin diqqətini ölkə daxilində gedən proseslərdən yayındıraraq beynəlxalq məsələlərə yönəltməkdir. Ancaq bu, çətin alınır".


Bu fikirləri Bakupost.az -a millət vəkili Aydın Mirzəzadə deyib.


O qeyd edib ki, İranda səlahiyyətini aşan bəzi şəxslərin Azərbaycana qarşı bəyanatları yolverilməzdir:


"İranın daxilində bu gün geniş proseslər baş verir. Rəsmi şəxslərin bir hissəsi bu problemlə məşğul olmaq əvəzinə Azərbaycanla gərginliyi artırmaq yolunu seçir. Bu, İranın elan etdiyi Azərbaycanla mehriban qonşuluq siyasətilə heç də düz gəlmir. Bu bəyanatların heç bir əsası yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinə İranın üçüncü tərəf kimi daxil olması mümkün deyil. Azərbaycan Ermənistanla münasibətlərini özü həll etmək iqtidarındadır. Proses çətin getsə də, bu istiqamətdə vaxtaşırı görüşlər keçirilir. İranın müəyyən rəsmi şəxslərinin bu münasibətlərdə tərəf kimi iştirak etmək istəyi heç də regionda vəziyyətin düzəlməsinə xidmət etmir".


Millət vəkili vurğulayıb ki, İranın müəyyən dairələri açıq şəkildə Ermənistana sevgilərini ortaya qoyublar:


"Ermənistanın Azərbaycan torpaqlarının 30 il işğalda saxladığı dövrdə İran sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklsi. Amma əməldə Ermənistana verdiyi böyük dəstək işğalın 30 il davam etməsinə səbəb oldu. Əgər İran Türkiyə kimi Ermənistanla əlaqələri kəssəydi, Ermənistan işğalı uzun müddət davam etməzdi. Bu gün isə Azərbaycanın öz gücünə ərazi bütövlüyünü təmin etməsi və regionda stabilliyin əsas faktoruna çevrilməsi İranın müəyyən dairələrini narahat edir. Bu isə artıq Azərbaycanın daxili işlərinə qarışmaq, onu zorla öz suverin hüquqlarından məhrum etmək cəhdidir. Ona görə də Azərbaycan dövləti, ictimaiyyəti buna yol verə bilməz. Biz İranla yaxşı münasibətlərin tərəfdarıyıq. Amma hesab edirəm ki, İran hakimiyyəti ayrı-ayrı rəsmi şəxslərin Azərbaycanla bağlı verdikləri yolverilməz bəyanatların qarşısını almalıdır".

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər