Liderlər və xarici işlər nazirləri gün ərzində bir-birləriylə intensiv şəkildə telefonla danışır, İsrail-İran müharibəsini müzakirə edirlər. Əksəriyyət müharibənin dayandırılması və məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Yaxşı niyyətdir, ancaq danışıqlar mərhələsi geridə qalıb, müzakirələrdə nəticə olsaydı, müharibə başlamazdı.
Bakupost.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O, Rusiya-Ukrayna müharibəsinin də belə başladığına, danışıqların, çoxsaylı müzakirələrin heç bir nəticəsi olmadığına diqqət çəkib:
"Düyməyə basanlar nəticə əldə etməyənə qədər İrana zərbələri dayandırmayacaqlar. Qərb dövlətləri Rusiyanı Ukraynaya qarşı işğalçı müharibəni dayandırmağa vadar edə bilmədilər. İndi də Rusiya eyni vəziyyətdədir. Rusiya strateji tərəfdaşı olan İrana qarşı müharibənin dayandırılmasına çalışsa da, Vaşinqton və Tel-Əviv Kremlin çağırışlarını qulaqardına vuracaqlar".