“Bir çox ölkə Hörmüz boğazını açıq saxlamaq üçün hərbi gəmilər göndərəcək”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bir çox ölkə boğazın açıq və təhlükəsiz saxlanılması üçün ABŞ ilə koordinasiyalı şəkildə bölgəyə hərbi gəmilər göndərəcək.
ABŞ lideri müharibə səbəbindən enerji xərclərinin artdığı bir vaxtda vəziyyətə münasibət bildirərək qeyd edib ki, Vaşinqton boğazın yenidən təhlükəsiz tranzit marşrutuna çevrilməsi üçün addımlar atır.
“Bu və ya digər şəkildə, tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələrin də bu prosesə qoşulması gözlənilir:
“Ümid edirəm ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər dövlətlər də boğazın artıq neytrallaşdırılmış bir ölkədən təhdid görməməsi üçün bölgəyə gəmilər göndərəcəklər”.
Tramp həmçinin İranın hərbi gücünün ciddi zərbə aldığını deyib, bəzi təhlükələrin qalmaqda davam etdiyini bildirib.
“Nə qədər məğlub olsalar da, Hörmüz boğazına mina yerləşdirmək və ya dronlarla hücum etmək asandır”, – deyə o qeyd edib.
ABŞ Prezidenti İranın əsas neft ixrac marşrutlarından biri olan Xarq adasından da söz açıb. Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri adada hərbi hədəflərə zərbələr endirib.
“ABŞ Mərkəzi Komandanlığı mənim əmrlərimlə Xarq adasında Yaxın Şərq tarixinin ən güclü bombardmanlarından birini həyata keçirib”, – deyə Tramp sosial şəbəkədə yazıb.
O əlavə edib ki, adadakı neft infrastrukturunun məhv edilməsi barədə qərar verməyib. Lakin İran və ya başqa tərəf gəmilərin keçidinə mane olmağa çalışarsa, bu qərarın yenidən nəzərdən keçirilə biləcəyini bildirib.
Qeyd edək ki, dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazına İran tərəfindən minalar yerləşdirildiyi iddia olunur. Tehran isə bu məlumatları təkzib edir.
Floridaya səfəri öncəsi jurnalistlərə danışan Tramp bildirib ki, ABŞ donanması yaxın vaxtlarda boğazdan keçən gəmiləri müşayiət edə bilər.
İranın İran İnqilab Keşikçiləri Korpusu isə Trampın İranın donanması və hava qüvvələrinin məhv edildiyi barədə iddialarına cavab verib:
“Əgər ABŞ donanmanın məhv edildiyini iddia edirsə, necə olur ki, Hörmüz boğazı hələ də bağlıdır və bir dənə də olsun tanker keçə bilmir?”