Mayın 1-dən etibarən hamiləliyə və doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda tətbiq ediləcək.
Bakupost.az xəbər verir ki, müvafiq qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada verilir.
Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Müavinətin hesablanması hamiləliyə və doğuma görə məzuniyyətə çıxılan aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancı və həmin dövr üzrə təqvim günləri nəzərə alınmaqla müəyyən edilir.
Bölən təqvim günlərinin müəyyən edilməsi zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş və ya sosial sığorta stajı 6 aydan az olduğuna görə ödənilməmiş dövrlər, hamiləliyə və doğuma görə müavinət ödənilmiş və ya stajın azlığı səbəbindən ödənilməmiş məzuniyyət dövrləri, eləcə də qismən ödənişli sosial məzuniyyət dövrü ümumi təqvim günlərindən çıxılır.
Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda isə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə uyğun olaraq sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.
Belə ki, yeni qayda 2026-cı il 1 may tarixindən tətbiq edilir. Bu tarixədək baş vermiş və ya həmin tarixdən sonra davam edən sosial sığorta hadisələri üzrə ödənişlər isə həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.