Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evi tərəfindən “Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü” adlı forum keçirilib. Tədbirin məqsədi türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsi, ortaq dəyərlərin təşviqi və humanitar əməkdaşlığın inkişafına töhfə vermək olub.
Bakupost.az xəbər verir ki, forumun açılışında layihə rəhbəri Ülviyyə Allahverdiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, türk dünyasının ortaq mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən millət vəkili, ATEV sədri Tənzilə Rüstəmxanlı, millət vəkili Elçin Mirzəbəyli, xalq şairi Sabir Rüstəmxanlı, sabiq deputat Etibar Əliyev və Azəri-Türk Qadınlar Birliyinin icraçı direktoru Aydan Rüstəmxanlı, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova türk dünyası ölkələri arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsinin önəmindən bəhs ediblər. Çıxışlarda ortaq tarixi köklər, dil və mədəniyyət birliyinin türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynadığı qeyd olunub.
Tədbir “Mədəniyyət körpüsü” paneli ilə davam edib. Panelə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov moderatorluq edib. Panel müzakirələrində millət vəkili Elçin Mirzəbəyli, “İpəkyolu” Vəqfinin sədri Seyfullah Türksoy, Beynəlxalq Final Universitetinin professoru Engin Şirvan və mədəniyyətşünas, QHT sədri Fira Cəlilova çıxış edərək türk dövlətləri arasında mədəni inteqrasiya, ortaq layihələr və humanitar əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarına plaketlər təqdim olunub, forum xatirə fotosu ilə yekunlaşıb.
Qeyd olunub ki, “Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü” forumu türk dünyası ölkələri arasında mədəni dialoqun inkişafına və ortaq dəyərlərin təbliğinə xidmət edən mühüm platformalardan biri kimi qiymətləndirilib.