İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlıq davam edir. İkinci Qarabağ müharibəsi zamanı dəfələrlə Ermənistana hərbi təyinatlı məhsullarla dəstək verən İran indi də bu yöndə fəaliyyətini davam etdirir. Son məlumatlara görə, artıq İran Ermənistana zərbə PUA-ları da verib. Hətta İsfahanda həmin PUA-ların istehsalçısı olan "HESA" dövlət konserni Ermənistanda kiçik zavod inşa etməyi də planlayır. Həmçinin İran Ermənistana tank əleyhinə raket kompleksləri verməyə də davam edir.
- Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, rəsmi Tehranın Ermənistana hərbi dəstəyi Zəngəzur dəhlizi ilə bağlı İranla Azərbaycannın münasibətlərinin kəskinləşməsi fonunda baş verir.
Ekspert bildirib ki, İran hətta Qafanda konsulluq da açıb:
"Həmçinin İran siyasətçiləri tez-tez "Ermənistanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi isə Ermənistanın təhlükəsizliyidir" kimi fikirlər səsləndirirlər. Yəni Ermənistan İranı ən yaxın hərbi-siyasi müttəfiqi kimi qəbul edib. Onlar siyasi münasibətlərini inkişaf etdirir və bunu hərbi-texniki əməkdaşlıqla daha da gücləndirirlər. 44 günlük müharibədə Ermənistan hərbi arsenalının 60-70 %-i sıradan çıxarıldı. Ona görə də Ermənistan ön xətdəki hərbi hissələrini İrandan idxal etdiyi hərbi-texniki avadanlıqlarla təmin etməyi planlaşdırır".
Ekspertin sözlərinə görə, İranın Ermənistanla eyni platformada olması Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı bir plandır:
"Bunlar hamısı Zərgəzu dəhlizinin açılması, iki türk dövləti arasında quru yolu ilə əlaqənin yaranması əleyhinə hesablanmış addımlardır. İran istəyir ki, belə bir yol onun ərazisindən olsun və o, iqtisadi qazanc əldə etsin".
Elxan Şıxəliyev qeyd edib ki, getdikсə İrandan dəstək alan Ermənistanın ritorikası dəyişir:
"Hazırda Avropa İttifaqı Ermənistana 2 il müddətinə missiya göndərməyə hazırlaşır. Ermənistan bu iki il ərzində ordunu ayağa qaldırmağa çalışacaq. Ermənistan düşünür ki, güclü orduya malik olsa, nəsə edə bilər. Ancaq yaxın gələcəkdə Ermənistanın Azərbaycana təhlükə törədə biləcəyi inandırcı deyil. Onlar yalnız revanşist bəyanatlarla çıxış edə bilərlər. Erməni ordusunun ayağa durması üçün 5-10 il vaxt lazımdır. O vaxt qədər isə Azərbaycan Silahlı Qüvvələri yerində saymayacaq, daha da inkişaf edəcək".
Əfsanə Rəcəb
BakuPost
Cox dogru tehlildir. Tessufler olsun ki bizim bele qonsumuz var..