ABŞ-də San-Dieqo–Çikaqo marşrutu üzrə uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə təhlükəli insident yaşanıb.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, Arizona və Kaliforniya ştatlarının sərhədi üzərində hərəkət edən 1494 saylı reysdə sərnişinlərdən biri qəfil ayağa qalxaraq “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqırıb.
O, daha sonra təyyarənin həm yan, həm də əsas giriş qapısını açmağa cəhd göstərib.
Bələdçinin sərnişinə qapıdan uzaqlaşmaq barədə xəbərdarlıq etməsindən sonra ekipaj üzvləri və bir neçə sərnişin müdaxilə edərək onu yerə yıxıb və nəzarət altına alıb.
Baş verənlər səbəbindən pilotlar təyyarənin istiqamətini dəyişərək Finiks şəhərinə təcili eniş etmək qərarına gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına görə, hadisə zamanı xəsarət alan yeganə şəxs qapıları açmağa cəhd edən sərnişin olub. O, tibbi müayinə üçün xəstəxanaya aparılıb.
Polisə təhvil verilən şəxslə bağlı prosedurlar başa çatdıqdan sonra təyyarə Çikaqoya uçuşunu davam etdirib.
İnsidentlə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb. Hadisənin səbəbləri araşdırılır.