Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında tərəflərdən birinə xarici silahlı hücum halında qarşılıqlı hərbi yardımı nəzərdə tutan “Məkkə Qarşılıqlı Müdafiə Sazişi”ni təsdiqləyib.
"Bakupost" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat verilib.
“Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanmış Birgə Müdafiə Haqqında Məkkə Sazişi”nin təsdiq edilməsi barədə qərar qəbul edilib” , – prezidentin fərmanında deyilir.
Pakistan və Səudiyyə Ərəbistanı əvvəllər müqavilənin ratifikasiya prosedurlarını başa çatdırıblar. Yekun ratifikasiya sənədinin müqavilə çərçivəsində yaradılmış birgə müdafiə komitəsinin katibliyinə təqdim edilməsindən sonra qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, saziş 7 avqust 2026-cı ildə Məkkədə imzalanıb. Müddəalarına görə, üç ölkədən birinə edilən hər hansı xarici silahlı hücum sazişin bütün tərəflərinə hücum kimi qiymətləndiriləcək.