Ru
12:22 / 28 Mart 2024

“İşgəncə aldığım yerləri görəndə infarkt keçirdim...” - Xocalı sakini

4124
“O gecə xocalılar hamısı şəhərin müdafiəsi üçün döyüşdü. Dünən dəfn edilən Akif Seydulla oğlu Mahmudov da Xocalının müdafiəsi üçün döyüşən oğlanlardan biri olub. Onu dərindən tanımasam da, haqqında eşitmişdim. Nəhayət ki, 32 ildən sonra Akifin meyiti tapıldı və ailəsinə təhvil verildi”.



Bu sözləri Bakupost.az -a açıqlamasında 27 gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan, bir daha “Qarabağ şikəstəsi”ni ifa etməsin deyə əlləri yandırılan Valeh Hüseynov deyib.

V.Hüseynov Xocalıda meyiti aşkarlanan daha 7 nəfərin dəfn ediləcəyini vurğulayıb:

“Daha 7 nəfər Xocalı sakininin meyiti tapılıb və onlar Xocalıda dəfn olunacaq. Onların da kimliyi məlumdur. Meyiti tapılan insanların içində tanıdığım Sürəyya adlı qadın var, Xocalıda döyüşçü olan Xaqani adlı həmyerlimizin anasının və qardaşının da meyiti tapılıb”.

Valeh Hüseynov Xocalıya səfər etdikdən sonra keçmişi xatırladığı üçün infarkt keçirdiyini bildirib:

“Xocalıda yaşadığımız ev qalır, orada ermənilər yaşayıb. Mənə işgəncə verilən yerləri gəzdim, amma gərək, kaş getməyəydim. Xocalıdan qayıdandan sonra infarkt keçirdim, iki aydır ki, xəstəxanalardayam. İndi də ürəyim açıq əməliyyat olunmalıdır”.


Qeyd edək ki, Valeh Hüseynovun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıdan çıxarkən yolda hamilə həyat yoldaşı ermənilər tərəfindən güllələnib. Haqqında danışdığımız Akif Mahmudov isə 1962-ci ildə Xocalıda anadan olub. O, könüllü özünümüdafiə dəstəsinin üzvü olub və Xocalı faciəsi gecəsi itkin düşüb. Otuz yaşlı Akif Mahmudov ailəli olub və iki oğlu var.






Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər