Ru
21:40 / 01 Aprel 2022

“İslamda “niyyət gecəsi” yoxdur... Xürafat İrandan bizə gəlir” - İlahiyyatçı

59468
“Ramazan ayında insanlar günah işlərdən, küfrdən, söyüşdən, pislikdən, şər atmaqdan, qeybət etməkdən çəkinməlidir. Əgər bu əməllərdən birini edərsə, onun orucu pozulur”.


Bu sözləri Bakupost.az -a ilahiyyatçı Turan İrfan Ramazan ayı ilə bağlı danışarkən deyib:


Onun sözlərinə görə, bəziləri Ramazan ayını təkcə oruc tutmaq kimi başa düşür:


“Sadəcə həmin ayın xüsusiyyətlərindən biri də oruc tutmaqdır. Ramazan ayı oruc tutmaqla yanaşı, xeyriyəçilik etmək, sədəqə vermək, yardımlaşmaq ayıdır. Eyni zamanda namaz qılmaq, Quran oxumaqla yanaşı, habelə xeyirli əməllərin özü də İslam dinində bir ibadət hesab olunur. Hətta Peyğəmbərimiz (s.ə.s) buyurur ki, yolun ortasına düşmüş bir daşı götürüb kənara qoymaq da ibadətdir”.




İlahiyyatçı Ramazan ayında “niyyət gecəsi” anlayışına da diqqət çəkib:


“İnsanlar bəzən özlərindən nəsə uydururlar, bəzən də qonşu İrandan bu xürafat Azərbaycana ixrac olunur. Lakin o xürafatların altında siyasi məqsədlər olur. O cümlədən, “niyyət gecəsi” deyilən anlam həmin xürafatlardan biridir. İslam dinində nə hədisdə, nə də Quranda “niyyət gecəsi” anlayışı var. Niyyət qəlbdə olan bir şeydir, dil ilə olmur. Əgər bu, primitiv şəkildə xalqın dilinə düşübsə, elə bir böyük qəbahəti də yoxdur”.





T.İrfan Ramazan ayında insanların çəkinməli olduğu işlər və əməllər barədə də danışıb:


“Oruc vaxtı birbaşa suya girmək, çimmək, qida, yaxud qidalandırıcı iynələr, sistemlər qəbul etmək, eyni zamanda cinsi əlaqədə olmaq və digər qadağan olunmuş əməlləri etmək olmaz. Bəzən insanlar elə düşünür ki, yalnız yemək-içməkdən çəkinmək lazımdır. Ümumiyətlə insanlar günah işlərdən, küfrdən, söyüşdən, pislikdən, şər yaxmaqdan, qeybət etməkdən də çəkinməlidir. Əgər bu əməllərdən birini edərsə, onun orucu pozulur. Amma bunu heç kim demir. Ancaq fiziki və maddi tərəflərini ön plana çəkirlər. Bir insanın imanı olmasa, o ibadət qəbul oluna bilməz. Əgər həmin gün insan anasına, atasına üsyan, qonşusuna pislik etdisə, o zaman həmin şəxsin tutduğu orucun heç bir mənası qalmır”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər