İslamı qəbul etdikdən sonra sosial şəbəkələrdə tənqid və ittihamlarla üzləşən Sarkisyan Bennik erməni xalqına videomüraciət edib.
"Bakupost" xəbər verir ki, o, dini heç kimin təzyiqi və məcburiyyəti olmadan, öz iradəsi ilə qəbul etdiyini bildirib.
Bennik müraciətində erməni xalqına heç vaxt xəyanət etmədiyini deyib:
"Bir çox erməni səhifələrində və internet məkanında məni xəyanətdə ittiham edirlər. Halbuki insanları əməllərinə görə mühakimə etmək lazımdır. Şəhərimdəki sağlam düşüncəli insanlardan soruşa bilərsiniz: Mən nə vaxtsa kiməsə xəyanət etmişəmmi? Mənim belə bir hərəkətimin olmadığını özünüz dəqiqləşdirə bilərsiniz. Həyatım boyu heç kimə xəyanət etməmişəm. Əgər İslamı təzyiq altında və ya məcburiyyət qarşısında qəbul etsəydim, məni xəyanətdə ittiham edə bilərdiniz. Amma mən bu dini öz iradəmlə qəbul etmişəm, heç kim məni buna məcbur etməyib. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və Məhəmməd onun elçisidir. Dinimi təhqir edən, mənim və ailəmin şərəf və ləyaqətinə toxunan şəxslərə gəlincə, hazırda Phuketdəyəm. Dedikləri sözlərin arxasında duran şəxsləri orada gözləyirəm. İstənilən şəxslə görüşməyə hazıram. Ancaq mesajlara və zənglərə cavab vermək fikrim yoxdur. Mən heç vaxt heç kimdən gizlənməmişəm, indi də gizlənmirəm. Qorxduğum yeganə varlıq uca Allahdır. İstəyirəm ki, sevimli erməni xalqım bu məsələyə anlayışla yanaşsın. Mən xalqıma qarşı heç bir xəyanətə və ya alçaq hərəkətə yol verməmişəm”.
Lalə, BakuPost