“Kriptovalyuta son 15 ilin məhsuludur. Bu bazarın gələcəyinin prespektivli olacağını düşünmürəm. Çünki bu əlavə dəyər yarada biləcək, arxasında hansısa bir dəyərin dayana biləcəyi bir investisiya növü deyil. Kriptovalyutalar spekulyativ alət olub, pul qazanmağa imkan yaratsa da, gələcək üçün perspektivi olmayan maliyyə alətidir”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, kriptovalyutaları ayaqda saxlayan yeganə amil anonimlikdir:
“Dünyada qarışıqlıq davam etdikcə, anonim pul köçürmələrinin önəmi artır. Bəzi ölkələr sanksiyalardan yan keçmək üçün kriptovalyutalardan istifadə edir. Ancaq yaxın gələcəkdə kriptovalyutalara maraq azalacaq. Avropa Mərkəzi Bankı, Federal Rezerv Sistemi artıq məsələyə ciddi yanaşmağa başlayıb. Qanunvericilik bazası hazırlanır və ona əsasən, yaxın gələcəkdə anonimlik aradan götürülə bilər. Anonimliyin aradan götürülməsi ilə kriptovalyutaların önəmi də aşağı düşəcək”.
Sevinc
BakuPost