Ru
16:32 / 03 Aprel 2024

Küçəyə atılan professoru güllələyək!

6987






Zahid Nurəliyev


Qulp qoymaq, "əmma" axtarmaq bizim köhnə adətimizdir. Deyəsən, doğrudan da bunsuz yaşaya bilmirik. Kirayə pulunu ödəyə bilmədiyi üçün küçəyə atılan 77 yaşlı alim Fazil Qaraoğlu ilə bağlı məsələdə də belə oldu.

Əvvəlcə sosial şəbəkədə onun evdən çıxarıldığı, bir neçə gündür küçədə gecələdiyi haqda görüntülər yayıldı. Fazil Qaraoğlunun xidmətlərindən bəhs olundu: onun "Quran"ı Azərbaycan və rus dillərinə tərcümə etdiyi, erməni saxtakarlığı, yalanları, türk-müsəlman soyqırımı ilə bağlı “Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə)” adlı 7 cilddə (5 min səhifədən çox) kitab yazıb nəşr etdirdiyi və s. bildirildi.

Bir gün sonra maddi sıxıntılar çəkən, qalmağa yeri, çörək pulu olmayan alim üçün 30 min manat ianə toplandığı, üstəlik Heydər Əliyev Fondunun alimin bir illik kirayə haqqını öz üzərinə götürdüyü açıqlandı.

Dünən isə sözügedən ianənin məbləğinin daha da arataraq 40 min manata çatdığı məlum oldu.

Bütün bunlarla bağlı sosial şəbəkələrdə saysız-hesabsız paylaşımlar edildi. Hamı küçəyə atılan alim üçün qısa vaxt ərzində bu qədər vəsait toplandığına sevinir, yardıma görə xeyirxah insanlara təşəkkür edirdi. Doğrudan da nəticə heyrətamiz idi! Çünki çoxumuz iki gün ərzində bu qədər vəsaitin yığıla biləcəyini gözləmirdik. Hələ bu yardımdan əlavə Fazil Qaraoğluna yemək, isti əyin-baş, qalmağa yer, sənəndlərini qaydaya salmaq üçün kömək etmək istəyənlər də vardı. Onun əşyalarını MİDA-da ayırlan mənzilə daşımağa kömək edən təmənnasız insanlar da tapıldı.

Dediyim kimi, kənardan baş verənləri seyr edənlərin əksəriyyəti həm təşəbbüsə, həm insanlarımızın yardımsevərliyinə, məhrəmətinə görə məmnun idi. Amma təəssüf ki, həmişə olduğu kimi mız qoyanlar da tapıldı. Eynilə tanınmış yazıçı, filosof Əlisa Nicatın məsələsində olduğu kimi... Yəqin ki, detalları xatırlatmağa ehtiyac yoxdur.

Fazil Qaraoğluna gəlincə, ona 1 manat yardım etməyənlər "həqiqətən alim olub-olmadığı bilinmir", "o, Səfəviləri türk dövləti hesab etmir", "Quran"ı ondan əvvəl tərcümə ediblər", "övladları imkanlıdır, niyə yardım etmirlər" kimi arqumenlər irəli sürdülər.


Tutaq ki, bu arqumentlər əsaslıdır və onların iddia etdiyi kimi, Fazil Qaraoğlu alim deyil və elm, Azərbaycan xalqı qarşısında zərrə qədər də xidmətləri yoxdur! 77 yaşlı kişinin küçədə gecələməsinə, acından ölməsinə seyirçi olmalıyıqmı? Yaxud vaxtilə imkansızlıq, məhrumiyyət ucbatından xaricdə işləməyə üstünlük verən həqiqi alimlərimizin, şair, bəstəkar və müəllimlərimizin durumu çoxmu fərqlidir? Məgər elə bu yaxınlarda hamımız uzun illər Türkiyədə yaşayıb fəaliyyət göstərən tanınmış şair Məmməd İsmayılın müalicəsi üçün pul tapa bilmədiyinin şahidi olmadıqmı?

Maraqlıdır, bu arqumentləri irəli sürənlər nə demək istəyirlər? Bəlkə Fazil Qaraoğlunun problemini Stalinsayaq həll etmək lazımdır? Sadəcə, 77 yaşlı qocanı vurub öldürürük, vəssalam. Stalinin dediyi kimi, "insan yoxdursa, problem də yoxdur"...








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər