Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:35 / 01 Mart 2024

"Maşınlara bağlayıb parça-parça eləyiblər" - Erməni vandalizminin yeni sübutları

20007
Qarabağda aşkarlanan kütləvi məzarlıqların sayı artır. Bu isə bir daha onu sübut edir ki, azərbaycanlılara qarşı yüzlərlə soyqırımı aktı həyata keçirilib. Ermənilər əsir götürdükləri hərbçiləri və mülki şəxsləri sadəcə qətlə yetirməyib, onlara dəhşətli işgəncələr verib, qeyri-insani rəftara məruz qoyublar. Sonra da onları kütləvi məzarlıqlarda basdıraraq vəhşiliyin izlərini itirməyə çalışıblar. Ancaq bu faktlar tədricən ortaya çıxmaqdadır.

Torpaqların işğaldan azad edilməsindən sonra itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekskumasiyası işlərinə başlanılıb.



Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyadan verilən məlumata görə, bugünədək işğaldan azad olunan ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb.


Sonuncu kütləvi məzarlıq fevralın 21-də Xocalı rayonunda aşkar edilib. Aşkarlanan insan qalıqlarının ən azı 4 nəfər (onlardan 2 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.




Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, ermənilər Azərbaycan ərazilərini işğal etdikləri dövrdə əsir və girov götürdükləri azərbaycanlılara, dinc mülki insanlara qarşı əsil faşist münasibəti, vandallıq nümayiş etdiriblər. Əsir və girovları işgəncə ilə qətlə yetiriblər, maşınlara bağlayıb parça-parça eləyiblər və xəndəklər qazıb kütləvi şəkildə harada gəldi basdırıblar:

“Onlar Azərbaycanın işğal edilmiş bütün ərazilərində bu cür cinayətlər həyata keçiriblər. Hələ bundan sonra da kütləvi məzarlıqların aşkara çıxdığını çox görəcəyik. İtkin hesab edilən 4 min azərbaycanlının böyük hissəsini ermənilər işgəncə ilə qətlə yetirib və kütləvi şəkildə basdırıblar. Kütləvi məzarlıqların yerini isə bu günədək açıqlamırlar. İşğaldan azad etdiyimiz ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardan başqa, Ermənistan ərazisində də azərbaycanlıların kütləvi məzarlıqları var. Ermənistan beynəlxalq konvensiyaları pozaraq onların yerini açıqlamır. Bir insanın ölümünə görə bəzən dünya dövlətləri, beynəlxalq təşkilatlar hansısa dövlətlərə iradlar bildirir, hüquqi addımlar atırlar. Hazırda bizim 3890 nəfər əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşımızın taleyinə beynəlxalq ictimaiyyət təəssüf ki, hələ də biganədir. İkili standartlar mövcuddur. Beynəlxalq konvensiyalar və qanunlar bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün yalnız özlərinə sərf edəndə işə salınır. 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlanmasına, dağıdılıb talan edilməsinə göz yumurdular, Ermənistana buna görə heç bir təzyiq etmirdilər, indi də kütləvi məzarlıqlar məsələsinə göz yumur, reaksiya vermirlər. Azərbaycan dövləti kütləvi məzarlıqlar məsələsi ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni dünya birliyinin gündəminə çıxarmaq istiqamətində işlər görür. Ancaq çox təəssüf ki, Ermənistana bu məsələdə dünya birliyi tərəfindən gərəkən təzyiqlər edilmir”.

Çingiz Qənizadə qeyd edib ki, bütün bunlara baxmayaraq, ruhdan düşmək lazım deyil:

"Artıq zaman bizim xeyrimizə işləyir. Çünki dünya ictimaiyyəti erməni yalanlarına inanmamağa başlayıb. Haqq-ədalət gec-tez qalib gəlir və gələcək. Azərbaycan özünün beynəlxalq hüquqa söykənən tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımlarla istədiyi nəticəni əldə edəcək".





Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının məhkəmədən kənar məruzəçisi yetaltı xəritə adlanan bir xəritə tərtib edib. İllik hesabatlarında bu xəritəyə əlavələr edirlər:

“O, bütün dünyada məhkəmədənkənar cəzalara məruz qalaraq qətlə yetirilən insanların kütləvi şəkildə basdırılmasını göstərən xəritədir. Elə xəritələr var ki, orada 30 min insanın basdırıldığı yerlər göstərilir. Ancaq Azərbaycanın adı o xəritədə qeyd olunmayıb. Halbuki son 100 ili götürsək, Azərbaycanda xeyli sayda kütləvi məzarlıq aşkar edilib. Eyni zamanda Birincı Qarabağ müharibəsindən sonra bizim minlərlə vətəndaşımız girov götürülüb və onların sonrakı taleyindən xəbərimiz olmayıb. Sonradan onların kütləvi şəkildə qətlə yetirildiyi məlum oldu. İşğal zamanı ermənilər kəndlərə, şəhərlərə də hücumlar edib orada kütləvi qətillər həyata keçirirdilər. Amansızlıqla, işgəncə ilə qətlə yetirilən o insanları kütləvi şəkildə, harada gəldi qazıb basdırırdılar. Ərazilərimiz işğaldan azad ediləndən sonra bu kütləvi məzarlıqlar yavaş-yavaş aşkar edilir. Fikrimcə, belə məzarlıqların sayı çoxdur və hələ bundan sonra da aşkar ediləcək. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aşkarlanan kütləvi məzarlıqlarla bağlı sənədləşdirmə işləri aparır. Amma burada əlavə işlərin də görülməsinə ehtiyac var”.

Sahib Məmmədov Azərbaycnda aşkarlanan kütləvi məzarlıqların qlobal "yeraltı xəritədə" qeydə alınmamasının səbəblərinə də toxunub:

"Bunun səbəbi odur ki, BMT-nin “Qanunsuz, özbaşına və kütləvi cəzaların effektiv təhqiqatı və qarşısının alınması haqqında Prinsiplər” üzrə Minnesota Protokolunun şərtlərinə əməl olunmur və prosedurlar icra edilmir. Protokolun müvafiq fəsli “Dəfn yerində qazıntı işlərinin təfsilatlı prinsipləri” adlanır. Bu fəsildə məhkəmədənkənar cəzalar nəticəsində qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yerdə qazıntı, ekskumasiya işlərinin aparılması qaydaları müəyyən edilir. Orada həmçinin cəsədlərin autopsiya prosesinə dair təfsilatlı prinsiplər müəyyən edilib. Prinsiplərə görə, məhkəmədənkənar cəza verilməsi yolu ilə qətlə yetirilənlərlə bağlı təhqiqat operativ, effektiv və hərtərəfli, müstəqil və qərəzsiz, şəffaf şəkildə həyata keçirilməlidir. Prosesə aidiyyatı olan beynəlxalq qurumların mütəxəssisləri cəlb edilməlidir. Prosesin düzgün, qaydalara uyğun şəkildə həyata keçirilməsi vacibdir”.




Politoloq İlyas Hüseynovun sözlərinə görə, kütləvi məzarlıqların aşkarlanması sübut edir ki, bu ərazilərdə I Qarabağ müharibəsi zamanı hərbi əsirləri saxlayıblar:

“Qalıqlara əsasən demək olar ki, qətl ediləndən öncə hamısının əlləri bağlanıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Hərbi əsirlər üzərində zorakılıq elementlərinin olması da üzə çıxır. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərini kobud surətdə pozubar”.



Qeyd edək ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva kütləvi məzarlıqlarla bağlı dəfələrlə beynəlxalq qurumlara müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşi kütləvi şəkildə basdırılıb:


“Qarabağda aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır. Ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar