Ru
16:06 / 15 Mart 2022

Massaçusestə qəbul olan Salmanla bağlı heyrətamiz faktlar - Atasından açıqlama - FOTO

85692
“Bu uğuru gözləyirdik. Çünki o gün ərzində 12-13 saat dərslə məşğul olurdu, həm beynəlxalq olimpiadalara, həm öz fənlərinə, həm SAT-a, həm də İELTS imtahanına hazırlaşırdı”.



Bu sözləri Bakupost.az -a dünyanın ilk onluğunda olan Massaçusest Texnologiya İnstitutunun (MİT) təqaüdünü qazanan Salman Hüseynovun atası Zaman Hüseynov deyib.


O, Salmanın MİT təqaüdünü qazanması ilə yanaşı bir sıra başqa uğurlarını da qeyd edib:




“Mən Salmanın həm valideyni, həm də Kimya müəllimiyəm. Onun ibtidai sinif müəllimi isə anası Hüseynova Sameradır. Biz müəllim ailəsiyik və təbii ki, onda bu istedadı hiss edirdik. O, 7-ci sinifə keçəndə biz artıq Kimya kursunu tamamladıq. 8-ci sinifdə oxuyarkən Biologiya fənni üzrə 9-cu siniflər arası Respublika Fənn Olimpiadasının qalibi oldu. Sonra 9-cu sinifdə Kimya fənni üzrə bürünc, 10-cu sinifdə isə yenə Kimya fənni üzrə qızıl medala layiq görüldü. 10-cu sinifdə oxuyarkən həm Beynəlxalq Mendeleyev Olimpiadasının, həm də 52-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçısı oldu. 2021-ci ildə Yaponiyada keçirilən 53-cü Beynəlxalq Kimya Olimpiadasında 3-cü yeri əldə edərək bürünc medal qazandı. O cümlədən, 9-cu sinifdə beynəlxalq olimpiyada hazırlıq mərkəzində Kimya fənni üzrə dərslərə başladı. Sonra İELTS imtahanı verərək 9 bal üzərindən 8 bal topladı. Daha sonra SAT imtahanında 1600 bal üzərindən 1520 bal topladı. Biz də bir valideyn kimi onunla məşğul olurduq, hazırlaşdırırdıq. Amma İELTS imtahanına onlayn formatda hazırlaşdı. Biz sənədləri 5 Amerika universiteti, 2 Asiya universiteti üçün qeyd etdik. Nəticədə isə dünyanın 1 nömrəli məktəbi olan MİT-dən xəbər aldıq. Onun bu cür uğur qazanacağını bilirdik”.





Zaman müəllim Salmanın böyük qardaşının da təhsildə uğurlar qazandığını qeyd edib:


“Böyük oğlum Hüseynov Tərlan da beynəlxalq və fənn olimpiadalarının qalibi olub. Tibb Universitetinə 640 balla qəbul olub. Hal-hazırda Müalicə- Profilaktika ixtisası üzrə 2-ci kursunda oxuyur və əlaçı təqaüdü alır. Regionda müstəqillik dövründə ilk dəfə olaraq Astarada məktəbi qızıl medalla bitirdi, Təhsil naziri Emin Əmrullayev tərəfindən təltif olundu. O da həmçinin, Respublika Fənn Olimpiadasının Kimya fənni üzrə, həm də beynəlxalq hazırlıq laboratoriyasının qalibi olub. Hər iki qardaşın uğurları böyükdür və bizim üçün çox böyük fəxarətdir. Müəllim kimi daha böyük qürur duyuram. Hər ikisini Kimya fənni üzrə olimpiadalara mən hazırlaşdırmışam”.



Z. Hüseynov oğlunun 11-ci sinfi bitirdikdən sonra gələn tədris ilində təhsil almaq üçün xaricə yollanacağını bildirib.


“Oğlum çox sevinir, amma büruzə vermir. İstədiyi yerə daxil olub. Biz də çox sevinirik. Dövlətimiz üçün də sevinirik ki, nə qədər belə uşaqlar təhsil alsa, gələcəkdə hər birimiz üçün uğurlu olacaq”, - deyə fikirlərini tamamlayıb.


Qeyd edək ki, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.



Aynur
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər