“Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun açıqlaması yumşaq təhdid xarakterlidir və heç bir halda İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulu prosesinə təsir göstərə bilməz”.
Bu sözləri
siyasi şərhçi Elçin Mirzəbəyli Bakupost.az -a açıqlamasında deyib.
O, Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı məsələni şərh edib:
“Bu gün nə Finlandiyanın, nə də İsveçin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Rusiyaya məxsus ərazisi var. Əgər Moskva hətta siyasi proseslərə, o cümlədən müstəqil hüququn subyekti olan dövlətlərin ərazilərinə tarixi nöqteyi-nəzərdən yanaşırsa, o zaman indiki Rusiyanın ərazilərinin əhəmiyyətli hissəsi mübahisə predmetinə çevrilə bilər.
Bununla yanaşı, həm Peskovun açıqlamasından, həm də Rusiya rəsmilərinin yanaşmalarından belə anlaşılır ki, Moskvanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Rusiya mediasındakı təbliğatçılarının təqdimatından fərqli olaraq, ciddi narahatlığı yoxdur. Türkiyənin sözügedən dövlətlərin Avro-Atlantik Alyansa üzvlüyü ilə bağı obyektiv və israrlı mövqeyindən sonra hətta təbliğatçıların hay-küyü də qismən azalıb”.
E.Mirzəbəyli Rusiyanın NATO-nun öz sərhədlərinə doğru genişlənməsinə nüvə silahı ilə reaksiya vermək ehtimalını dəyərləndirib:
“Nüvə silahına gəldikdə isə Rusiyanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə görə, ən son çəkindirici faktora – atom silahına əl atacağını gözləmirəm. Çünki bu halda Rusiya onlarla ölkənin hədəfinə çevrilə bilər. Rusiyanın hava hücumundan müdafiə sistemləri isə qısa müddət ərzində yarana biləcək total təhlükənin cüzi bir hissəsinin belə qarşısını almaq iqtidarında deyil”.
Fəridə
Baku Post