Meşədə meyvəni donuz yesin, kəndli yeməsin - belə şey olar? - VİDEO
16298
“Bakupost TV”də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.
Sabir Rüstəmxanlı verilişdə kənd camaatını, eləcə də ümumilikdə cəmiyyəti narahat edən son dövrlərin gündəm mövzularından bəhs edib.
Xalq şairi ilk olaraq çayların daşması və bunun nəticəsində yaranan problemlərdən danışıb:
“İllərdir bu haqda danışırıq, amma dəniz sahillərində artıq normal qum qalmayıb, böyük çökəkliklər yaranıb. Hələ mən çəkilən hasarları, istifadəsinə imkan verilməyən əraziləri demirəm. Bir də görürsən, 100 metrlərlə hasar çəkilib. Kimsə güclü adamdır, hasarı çəkib, gözləyir ki, onu satacaq, nə edəcək... Amma hər halda dənizi görmürsən.
İndi məni narahat edən çayların daşmasıdır. Çaylar daşır və böyük ziyan vurur. Bunun bir səbəbi çay yataqlarının təmizlənməməsidir. Çay yataqlarına dağlardan daş, çınqıl, kötük və digər şeylər gəlir, yataqları doldurur. Yataq dolu olduğuna görə su gələn il daha üzdən axır, daha geniş sahəyə yayılır. Ona görə çay yataqları hər il təmizlənməlidir. Çayın sağından solundan bənd çəkməklə bunun qarşısını almaq mümkün deyil. Çünki çınqıl, daş bəndin üzərinə qalxır. Ona görə bir çay, bir də görürsən, 6-7 qola ayrılır. Məsələn, Şəkidən Qaxa doğru keçəndə bir çayın üzərində 6-7 körpü salındığını görürsən. Çünki o qədər geniş əraziyə yayılıb...”.
Sabir Rüstəmxanlı daha sonra son günlər geniş müzakirələrə səbəb olan meşələrdə təbii şəkildə yetişən yabanı meyvələrin toplanmasına görə cərimə tətbiq edilməsi məsələsindən danışıb. Xalq şairi kənd sakinlərinin meşə ətrafında yetişən bu yabanı meyvələrdən istifadəsinə görə cərimələnməsini tənqid edib:
“İkinci bir məsələ meşələrdə təbii yolla yetişən giləmeyvələrə, hətta palıd qozasının yığılmasına belə cərimə qoyulmasıdır. O palıd qozasını bizdə meşədə ancaq donuz yeyir, camaat da toplamır. Sonra fıstıq, fındıq, zirinc, kollarda bitən alça... Bunları əkən yoxdur, bunlar Allahın verdiyi nemətlərdir. Və bunları hökumət yığa bilmir, orada sexlər yoxdur, tədarük məntəqələri yoxdur. Camaatın əkin sahəsidir, meşəsidir, kəndidir. Meşə ətəyində böyürtkən kolları var. Deməli, kəndli 1-2 kilo oradan böyürtkən yığsa, o dəqiqə cərimə ediləcək. Belə şey olar? Əlbəttə, həmişə danışmışıq ki, meşələr qorunmalıdır. Amma nəzərə almalıyıq ki, bu deyilən şeylərin çoxu meşədə yox, meşə ətrafında kolluqlarda bitir. Meşənin içində böyürtkən bitməz ki... Bitsə də, heç o meyvə gətirməz. Hə, o kolluqları da meşə sahələrini böyük göstərmək üçün meşə sahəsi hesab edirlərsə, bu ayrı məsələdir.
Vaxtilə çox yerlərdə meşə adı ilə ağaclar əkiblər, qorumayıblar, indi də yəqin meşə xəritələrində qalır. Amma belə şey yoxdur. Camaat heyvanını otarır, ot çalır və oranın böyürtkənini də yığır, başqa giləmeyvələrdən də istifadə edir. Bunu da hər adam bacarmır. Mən bilən, çox az adamın imkanı var ki, getsin böyürtkən yığsın, gəlsin mürəbbə tutsun, ya bazara çıxarsın. Amma əgər belə bir imkan varsa və bu, kənd camaatının yaşayışına xeyir verirsə, bunun qarşısı niyə alınmalıdır? İndi mən düşünürəm, görəsən, arılara da vergi qoyublarmı?”.
Lalə, BakuPost
Şərhlər
Mahi
Bu qərarı verənlər üçün donuz insandan üstündür. Çünki onlar donuzu ovlayıb yeyəndə kök olmalıdır. İnsanı ovlayıb yeməyıcəklər ki?
Bu qərarı verənlər üçün donuz insandan üstündür. Çünki onlar donuzu ovlayıb yeyəndə kök olmalıdır. İnsanı ovlayıb yeməyıcəklər ki?