Ru
13:58 / 19 Avqust 2022

Ölkədəki qiymət artımı dünya böhranı ilə bağlı deyil - Partiya sədri

2705
“Bu gün Taxıl Ehtiyatları Fondunda 3-4 aydan artıq taxıl ehtiyatı nəzərdə tutulmayıb. Bu da çox böyük faciədir”.

Bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakupost.az-a çörəyin bahalaşmasını şərh edərkən bildirib.

İqbal Ağazadə hesab edir ki, dövlət çox ciddi taxıl ehtiyatı görməlidir:

“Ölkənin illik istehlakı 1 milyon 800 min ton taxıldırsa, dövlətin ehtiyat fondunda ən azı 5 milyon tona yaxın taxıl olmalıdır ki, qiyməti tənzimləyə bilsin. Çünki Azərbaycan vətəndaşlarının qida rasionunda çörəyin xüsusi yeri var. Əhalinin əksəriyyəti kasıbdır və çörəkdən çox istifadə edir. Bunu nəzərə alaraq, demişdik ki, Taxıl Ehtiyatı Fondu ən azı mövcud illik istehlak dəyərindən üç dəfə artıq taxıl ehtiyatı görməli və qiyməti tənzimləməlidir. Əgər xaricdən idxala görə qiyməti qaldırırlarsa, bazara Taxıl Ehtiyatları Fondundan bəyan olunmuş qiymətlərlə taxıl verilməlidir. Çox təəssüf ki, dövlət bizim 7 il bundan əvvəl verdiyimiz təklifi dəyərləndirmədi”.

Sabiq deputat bildirib ki, ilin əvvəlində bir dəfə maaş qaldırır və hər dəfə bunu göstərici kimi vətəndaşa təqdim edirlər:

“Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi islahatlar həyata keçirilməlidir. Ötən il 1 hektar sahədə əkilən buğdaya 200 manat, arpaya isə 160 manat subsidiya verilib. Ancaq əkilən dənli bitkilərin məhsuldarlığı 6-7 sentnerdən yuxarı olmayıb. Bu onu göstərir ki, iqtisadiyyatı düzgün tənzimləyə bilmirlər. Nəticədə verilən subsidiya müqabilində alınan məhsulun miqdarı olduqca aşağıdır. Örüş yerlərinin böyük əksəriyyətində yonca əkilir. Bu sahələrdə taxıl əkininə üstünlük verilməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır. Su ehtiyatlartının səmərəli istifadəsi üçün göllərin və süni su hövzələrinin yaradılması təşkil edilməldir. Təəssüf ki, bunlar böyük problemlərdir və Azərbaycan iqtidarı bunun öhdəsindən gələ bilmir. Buna görə də təkcə çörəyin deyil, digər qida və qeyri-qida məhsullarının da qiyməti qalxıb. Qiymətlər qalxdıqca, bunu dünya iqtisadiyyatındakı böhranla əlaqələndirirlər. Ancaq bu, düzgün deyil. Çünki dünya iqtisadiyyatındakı böhranın ümumi qiymət artımındakı təsiri 11-12%-dən artıq deyil, un-çörək məhsullarını çıxsaq, digər məhsullarda 35-50 %-ə qədər artım var. Bu da vətəndaş üçün çox normal hal deyil”.

Fərid,
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər