Son günlər sosial şəbəkələrdə gənclər tərəfindən bir sıra xoşagəlməz videogörüntülər yayıldı. Yeniyetmənin polisi təhqir etməsi, gənc bir xanımın şəhidlərimizlə bağlı nalayiq ifadələr işlətməsi cəmiyyətdə qınağa və geniş müzakirələrə səbəb oldu.
Bəs gənclərin bu cür addım atmasının səbəbi nədir? Kimdir günahkar? Cəmiyyət, məktəb, ya sosial şəbəkələr?
Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Müşfiq Cəfərov hesab edir ki, bu, əsasən, tərbiyə ilə bağlı məsələdir:
“Ailə ilə yanaşı orta məktəbin də uşağın gənc, yetişkin bir insan olaraq formalaşmasında rolu var. Hesab edirəm ki, bu məsələdə həm valideyn, həm təhsil ocaqları birlikdə işləməlidirlər. Valideyn komitələri sıx əlaqədə olmalıdır. Müəyyən yaşa çatdıqdan sonra gənclərin belə hərəkət etməsi, nalayiq sözlər işlətməsi bir günə ərsəyə gələn iş deyil. Zamanında addım atılmalıdır. Əgər məktəbdə hansısa narahatedici uşaqlar varsa, o uşaqlarla xüsusi olaraq işlənməlidir. Məktəb rəhbərliyi, müəllimlər onlara digəriləri kimi yanaşmamalıdır. Onlar üçün xüsusi bir qrup yaradılmalı, təlim-tərbiyə işə aparılmalıdır".
Millət vəkili qeyd edib ki, sosial şəbəkələr idarəolunmaz vəziyyətə gəlib: "Ən azından valideyn və müəllimlər uşaqları nəzarətdə saxlayarsa, belə hadisələrin qarşısını müəyyən dərəcədə almaq olar"”.
Aygün
BakuPost