Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev özünə yeni köməkçi təyin edib. Ölkə başçısı bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin yeni köməkçisi Andrey Vladimiroviç Sipilin həm də Prezident Administrasiyasında yaradılan Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışacaq.
Bu təyinatdan sonra İlham Əliyevin köməkçilərinin sayı 11 nəfərə çatıb.
Andrey Sipilin kimdir?
A.Sipilin bu günə kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
O, 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.
O, Prezident Administrasiyasına gəlməzdən əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
2020-ci ilin əvvəlində Azərbaycanın Birinci vitse-prezidentinə köməkçi təyin edilib və 2022-ci il noyabrın 24-nə kimi həmin postu tutub..
Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi, milliyyətcə yəhudi olan Tatyana Qoldmanın oğludur.