Ru
13:05 / 10 İyun 2024

Qiymət bahalaşdı, xidmət bərbadlaşdı: Bir də nə vaxt ucuz taksiyə minəcəyik? - Araşdırma

2325
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, taksi xidmətlərində kəskin qiymət artımı müşahidə olunur. Sifariş etdikdə bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir. İyunun 1-dən buraxılış ili 15 ili keçən avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qadağa qoyulması taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasına səbəb olub. Bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına səbəb olub.



"Bolt"un taksi sürücüsü Natiq Qasımov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin:

"Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. Ona görə də sürücülər məcburdur ki, ili təzə maşın alsın və ya icarəyə götürsün. Bu da əlavə xərc tələb edir. Yeni tələblərlə hazırkı qiymətə işləmək heç bir sürücüyə sərf etməz. Ən başlıcası şirkətə sərf etmir. Biz hər gün avtomobilə görə 25-30 manat icarə haqqı ödəyirik. Özümüzə 20-30 manat gəlir ancaq qalır. Günə ən azı 75-80 manat işləməliyik ki, özümüz də evə çörəkpulu aparaq. Əvvəl ucuz qiymətə işləmək sərf edirdi. Cünki ili nisbətən köhnə olan avtomobil sahibləri şəxsi avtomobilləri ilə işləyə bilirdilər. İcarə haqqı ödənilmirdi. İndi isə buraxılış ili köhnə olan avtomobillərlə taksi fəaliyyəti göstərməyə icazə verilmir. Məcbur qalıb ili təzə maşınları icarəyə görütüb sürürlər”.

Sürücü deyir ki, qiymətlər əsasən, şirkət tərəfindən təyin edilir:

"Heç bir sürücü özbaşına qiymət qaldıra bilməz. Taksi qiymətlərini artırıb-azaldan şirkətdir. Qiymətlər bahalaşdıqca taksilərə də tələbat azalır. Hamı imkan daxilində özünə şəxsi avtomobil alır ki, taksiyə pul ödəməsin. Bir neçə gündür ki, qiymət artımı ilə bağlı müştərilər narazılıq edirlər. Digər tərəfdən, maşın sayı az olduğu üçün sifarişlərə gecikirik. Bu da sərnişinlərin ciddi narazılığına səbəb olur. Deyirlər ki, əvvəlkindən çox pul veririk, niyə gedəcəyimiz yerə gecikməliyik? Əslində onlar da haqlıdırlar. Amma bu işdə bizim də bir günahımız yoxdur. Bu problemləri şirkət özü həll etməlidir”.

Taksi qiymətlərinin bahalaşması paytaxt sakinlərinin də narazılığına səbəb olub. Məsələyə münasibətini öyrəndiyimiz sakinlər bildirdilər ki, taksi qiymətlərinin bahalaşması səbəbindən onlar münasib qiymətə, rahat şəkildə mənzil başına çatmaq imkanını itirdilər.




Paytaxt sakini Tünzalə Zeynalovanın dediyinə görə, indi əvvəlki kimi, ucuz qiymətə xidmət göstərən taksiləri tapmaq mümkün deyil. Bu da insanların narazılığına səbəb olur:


“Ayaqlarımdan iki dəfə əməliyyat olunmuşam. Mənə çox yerimək, ayaq üstə dayanmaq olmaz. Bu səbəbdən də ictimai nəqliyyatdan istifadə edə bilmirəm. Düzünü desəm, heç istifadə etmək də istəmirəm. Avtobuslarda sıxlıq, yollarda təxac məni çox yorur. Bü günə kimi istədiyim ünvana taksi sifariş verməklə gedirdim. Amma son 4-5 gündür taksilərin qiyməti demək olar ki, 3 qat qalxıb. Üstəlik taksi tapmaq da olmur. Xüsusən də səhər saatlarında qiymətlər çox baha olur. Düzü, bu vəziyyət məni çox narahat edir. Qiymətləri birdən-birə bu qədər qaldırmaq doğru deyil. Axı insanların buna gücü çatmır. Deyəcəksiniz ki, gücü çatmır, taksiyə minməsin. Axı ictimai nəqliyyat nörmal işləmir. Bəzən saatlarla dayanacaqlarda avtobus gözləməli olursan”.


Orta məktəbdə müəllimə işləyən Raziyyə Məmmədova bildirib ki, evi ilə dayanacaq arasında xeyli məsafə var:


“Üstəlik işim də evdən uzaqda yerləşir. Özüm müəllimə işləyirəm. Avtobus gec gəlib çıxanda dərsə vaxtında çatmaq üçün taksidən istifadə edirdim. Qiyməti ucuz, özü də rahat idi. İndi isə taksi qiymətləri çox artıb. Qısa məsafə üçün 4-5 manat pul istəyirlər. Mən birdən-birə taksi qiymətlərinin bu qədər artırılmasından çox narazıyam. Maddi imkanı olmayan insanları da düşünmək lazımdır”.


Digər sakin Raqub Məmmədov deyir ki, qiymətlərin 50 faiz artacağı gözlənilən deyildi:


“Fikirləşirdim ki, 1 manat və ya 1.50 qəpik artar. Ancaq gözlənilənlərin əksinə olaraq, qiymətlər daha çox artdı. Bu, şəxsi avtomobili olmadığı üçün ucuz taksilərdən istifadə edənlərə böyük zərbədir. Adi taksilərin qiyməti 5 qat bahadır, pil çatdırmaq olmur. İndi ucuz taksilərin qiymətini də adi taksi qiymətləri ilə eyni etdilər. İnanmıran ki, bundan sonra o taksilərdən çox adam istifadə etsin. Şəxsən mən qiymətlər bahalaşandan bəri taksi sifariş vermirəm”.




Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının dediyinə görə, taksilərlə bağlı aparılan islahatlar, qoyulan məhdudiyyətlər demək olar ki, Bakı şəhərində taksi sayının yarıya qədər azalmasına gətirib çıxarıb:

"Bu günə qədər 18 min taksi sertifikatdan keçib. Ehtimallara görə, bu rəqəm 30 mindən artıq olmayacaq. Əgər ictimai nəqliyyat normal işləsə, bu say Bakı şəhəri üçün kifayət qədər normaldır. Amma nəqliyyatın vəziyyəti göz qabağındadır. Ona görə də bu qədər taksi sayı azlıq edir".
Ekspert qeyd edib ki, taksi qiymətlərinin artması fonunda taksidən istifadə edənlərin sayı tədricən azalacaq:


“Çünki heç kim baha qiymətə taksi sifariş vermək istəməyəcək. İstifadə edənlərin 20 faizi məcburiyyətdən bu addımı atacaq. Yerdə qalanlar isə təbii ki, gedib özünə avtomobil almaq barədə düşünəcək”.

Ekspertin dediyinə görə, taksilərdə qiymətləri daşıyıcı operatorlar müəyyənləşdirir:


“Məlum olduğu kimi, yeni qaydalara əsasən, ili 2009-cu ilə qədər olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməz. Operatorlar artıq onları işə götürmür. Sürücü də “Prius”u 12 min manata almışdı, amma indi məcbur olub 20 min manata yeni avtomobil alır və haqlı olaraq da bildirir ki, artıq 3 manata sərnişin daşımaq istəmirəm. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Beləliklə, qiymət artımına görə nə sürücünü, nə də şirkəti qınamaq olur”.
Elməddin Muradlı əlavə edib ki, vəziyyət bir müddət belə davam edəcək:

"Əgər taksi operatorları öz aralarında sağlam rəqabətə keçsələr, qiymətlər bu cür qalmayacaq. Çünki belə olan halda müştəri itirirlər. Müştəri olmasa, qazanc yoxdursa,taksi işlətməyin nə mənası var?!"


İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, taksi qiymətlərinin iki dəfə bahalaşması gözlənilən idi:

“İqtisadiyyatın çox sadə qanunları var, bu qanunlar həmişə işləkdir. Təklif azalan kimi qiymət artır. Təbii ki, taksi xidmətində ciddi dəyişiklik olacaqsa, say azalacaqsa, qiymət artacaq. Bakı şəhərində taksi sayının 60 mindən 20 minə salınması planlaşdırılır. Ən yaxşı halda qiymətlərin iki dəfə artması gözlənilir. Ola bilər ki, biz daha çox artım görək”.





AYNA-dan isə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır:

“Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayının 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər – buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır”.

Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, AYNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır:


“Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər