Azərbaycan xalqı daim tolerantlığı ilə seçilib, sülh, barış içərisində yaşamaq onun prioriteti olub. Ancaq son 2 əsrdə bədxah qonşusu onun dinc, firavan yaşayışına mane olub. Tarixə ekskurs etsək, gərək günlərlə danışaq...Biz isə o nəsilik ki, böyük bir tarixin canlı şahidləriyik. 1990-cı illərin əvvəlində Qarabağın işğalını, 1 milyon qaçqın köçkünün hansı ağır şəraitdə yaşadığını da gördük, müdrik siyasət nəticəsində doğma torpaqlarımızın azad olunmasını, qarabağlıların doğma yurduna qayıdışını da...
Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı, Müzəffər Ordumuzun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında 1 günlük antiterror əməliyyatı ilə Qarabağ tamamilə işğaldan azad edildi, suverenliyimiz tam bərpa olundu. Qarabağda hər yerdə Azərbaycan bayrağı dalğalanır.
Qarabağın işğaldan azad edilməsi bütövlükdə regionun firavan gələcəyinə vəsilədir. Artıq Qarabağ problemi deyilən anlayış yoxdur, Azərbaycan onu tarix etdi və tam yeni reallıqlar yaratdı.
Bu reallıqlarla dünyanın əksər ölkələri hesablaşır, razılaşır və razılaşmalıdır. Çünki Azərbaycan mütləq haqlı tərəfdir, öz doğma torpaqlarını işğaldan azad edib, Cənubi Qafqazda regionundakı separatçı rejimi, terror yuvasını zərərsizləşdirib. Separatizm, terrorizmlə mübarizə bütün dünyanın birgə görməli olduğu işdir. Bu Azərbaycan təkbaşına həyata keçirib və kimsədən heç nə ummayıb...
Qarabağın azadlığından sonra müzakirə olunan məsələlərdən biri də dinc birgəyaşayışla bağlı idi. Azərbaycan ilk gündən bunun üçün bütün zəruri addımları atmağa hazır olduğunu bəyan etdi və praktiki olaraq isbatladı. Ancaq ermənilərin xislətində dinc yaşamaq yoxdur, onlar könüllü şəkildə köçüb getdilər...
Bizim yeganə istəyimiz qərəzli, regionda sülhə əngəl olmaq istəyən dövlətlərin, təşkilatların da gerçəkləri qəbul etməsidir. Zatən onların təhdidləri Azərbaycan dövlətini öz haqlı mövqeyindən bir addım da geri çəkə bilməyəcək.
Sadəcə, sülhü, regionda sürətli inkişafı Ermənistanın əli ilə müəyyən qədər ləngitməyə nail ola bilərlər. Bu, isə onların dünya durduqca üz qarası olacaq...
Azərbaycan isə ləngimir! Dövlətimizin qarşısında dayanan, prioritet elan olunmuş növbəti mərhələ Böyük Qayıdış planının icrasıdır. İşğaldan azad edilmiş, ermənilərin darmadağın etdiyi ərazilərmizdə sürətli yenidənqurma və abadlıq işləri aparılır.
Artıq Füzulidən, Cəbrayıldan, Zəngilandan, Laçından, qürur və həssas yerimiz olan Xocalıdan, Şuşadan, Kəlbəcərdən 30 il didərgin salınmış vətəndaşlarımızın bir hissəsi öz doğma yurdlarına qayıdıblar.
Dövlət onlar üçün müasir, ağıllı şəhərciklər, kəndlər salır və mərhələli şəkildə doğma yurdda məskunlaşma davam edir.
Qürur və ən həssas yerimiz olan Xocalının sakinləri də artıq öz doğma el-obasındadır.
Xocalı faciəsinin şahidi, yaxınları soyqırım qurbanı olan Səriyyə Cəfərovanın qapısını döydük. Həyət qapısını heç zaman bağlamır, daim açıq qalır. Deyir ki, bütün azərbaycanlılar onun qapısını açıb, evinə gələ bilər...
32 yaşında Xocalıdan didərgin düşən, 32 il sonra isə ata yurduna qayıdan Səriyyə xanımdan hansı hisslə evinə qayıtdığını öz dilindən eşidək...
Dövlətimiz əlbəttə ki, Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrini də daim diqqətdə saxlayır. Bir kövrək və qurur yaradan məqam da yaşanır: Keçmiş məcburi köçkünlər dövlətin onlara tikdiyi evlərdən çıxıb Qarabağa öz yurdlarına döndükcə, həmin mənzillər də Qarabağı azad etmiş şəhid ailələrinə, qazilərə verilir. Dövlət belə bir nizamlı qayıdış, məskunlaşma həyata keçirir...
“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Dinc birgəyaşayış təşəbbüsləri: Hüquqlar, təcrübə - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində bu istiqamətdə görülən işlərə dair “Qürur dolu Qayıdış” adlı sənədli film tipində sosial çarx ərsəyə gətirib.
19 oktyabr 2024-cü ildə Türk Ağsaqqalları İctimai Birliyinin akt zalında filmin təqdimat mərasimi keçirilib.
Təqdimatda dövlət qurumlarının təmsilçiləri, tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər iştirak edib.
QHT-nin icraçı direkrotu, layihənin rəhbəri Elşad Məmmədli layihə çərçivəsində görülən işlərdən, filmin necə ərsəyə gəlməsindən danışıb. Sonra filmə ilkin baxış keçirilib və onunla bağlı ictimai müzakirələr aparılıb.
Çıxışçılar – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Orxan Aslanlı, AYB-nin katibi Elçin Hüseynbəyli, Missiya TV-nin rəhbəri Nicat Dağlar, rejissorlar Rasim İsmayılov, Gülnar Hacıyeva, publisist Anar Vəziroğlu, QHT rəhbərləri Aynur Zülfüqarova, Elməddin Behbud, Emin Tarverdiyev çıxış edərək fikirlərini bildiriblər.
Ümumilikdə film qənaətbəxş qiymətləndirilib.