Ru
16:00 / 04 İyun 2025

Rusiya təyyarə və körpülərin qisasını necə alacaq? - AÇIQLAMA

Rusiya təyyarə və körpülərin qisasını necə alacaq? - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu dünən üçüncü dəfə Krım körpüsünə zərbə endirib. Bildirilir ki, əməliyyata hazırlıq bir neçə ay davam edib. Əvvəlcə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) kəşfiyyatçıları körpünün dayaqlarını partladıcı qurğularla minalayıb, saat 04:44-də isə ilk partlayıcı qurğu işə salınıb.

Partlayış zamanı körpünün sualtı dayaqlarına ciddi ziyan dəydiyi qeyd olunub. UTX bildirib ki, trotil ekvivalentində 1100 kiloqram partlayıcı maddədən istifadə olunub. Nəticədə körpü faktiki olaraq qəza vəziyyətinə düşüb.

UTX-nin rəhbəri, general-leytenant Vasili Malyuk əməliyyatın keçirilməsini şəxsən nəzarətdə saxlayıb və onun planlaşdırılmasını koordinasiya edib.

“Allah üçlüyü sevir, UTX isə həmişə planlaşdırılan işi sona çatdırır və heç vaxt təkrar etmir. Biz 2022 və 2023-cü illərdə iki dəfə Krım körpüsünə zərbə endirdik. Bu səbəbdən həmin ənənəni bu gün su altında davam etdirdik. Rusiyanın heç bir qanunsuz obyektinin dövlətimizin ərazisində yeri yoxdur. Buna görə də Krım körpüsü tamamilə qanuni hədəfdir, xüsusilə də nəzərə almalıyıq ki, körpü Rusiya qoşunlarının təminatı üçün logistika arteriyası kimi istifadə olunur. Krım Ukraynadır və hər hansı təxribatlara sərt cavab veriləcək”, - deyə o bildirib.

Məsələ ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrin müharibə qayda-qanunlarına tamamilə uyğun olduğunu bildirib:


“Ukrayna son günlərdə Rusiyaya qarşı kifayət qədər uğurlu əməliyyatlar həyata keçirir. Bildiyiniz kimi, bir neçə gün əvvəl Rusiyanın 4 hərbi aerodromuna zərbələr endirən Ukrayna, 40-dan çox strateji aviasiya vasitəsinə ziyan vurdu. Digər tərəfdən, Krım körpüsünün növbəti dəfə partladılması, birmənalı şəkildə Ukraynanın Rusiyaya qarşı onun ərazisində və nəzarətində olan ərazilərdə əməliyyat imkanlarını genişləndirməsindən xəbər verir. Krım körpüsü mülki obyekt olsa da, Rusiya ondan öz hərbi qüvvələrini texnika və qida ilə təmin etmək üçün logistik infrastruktur kimi istifadə edir. Başqa sözlə, bu körpü Rusiya tərəfindən Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə olunur. Körpünün bir hissəsi sıradan çıxarılıb və onun istifadəsi müvəqqəti olaraq dayandırılıb.”

Ə.Verdiyevin fikrincə, körpünün partladılması, Ukraynanın cənubunda gedən döyüş əməliyyatlarına birbaşa təsir edə bilər:

“Çünki bu əraziyə zərbələr əsasən, Krım yarımadasından endirilir, orada yerləşən Rusiya qoşunlarının təchizatı isə məhz Krım körpüsü vasitəsilə həyata keçirilirdi. Amma bu hücumlar nəticəsində Rusiyanın geri addım atacağı gözlənilən deyil. Əksinə, Rusiya nüvə silahı istisna olmaqla, imkanında olan bütün silah sistemlərindən - pilotsuz vasitələrdən, hipersəs və ballistik raketlərdən istifadə etməklə Ukraynanın böyük şəhər və vilayət mərkəzlərinə zərbələrini intensivləşdirəcək. Hətta Ukraynanın paytaxtı Kiyev şəhəri də zərbələrə məruz qala bilər. İstənilən halda Rusiya-Ukrayna münaqişəsi yeni bir fazaya qədəm qoyub. Bu, iki ölkə arasında davam edən danışıqlarda müsbət nəticənin əldə olunmasını müəyyən mənada ləngidəcək.”

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar