Ru
08:47 / 12 Avqust 2026

Rüşvət verməyə məcbur edilən şəxsi nə gözləyir? - Açıqlandı

Rüşvət verməyə məcbur edilən şəxsi nə gözləyir? - Açıqlandı
Eye

Bəzi vətəndaşlar dövlət və ya digər qurumlarda işlərinin həlli üçün onlardan qanunsuz pul tələb olunduğunu bildirirlər. Belə hallarda isə pulu alan şəxslər bəzən vətəndaşı şikayət etməkdən çəkindirmək üçün “şikayət etsən, rüşvət verdiyinə görə səni də məsuliyyətə cəlb edəcəklər” kimi iddialar səsləndirirlər.

Belə hallarda vətəndaşın hüquqları nədən ibarətdir?

"Bakupost" xəbər verir ki, hüquqşünas Babək Umudov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür iddialar hüquqi əsası olmayan və vətəndaşı çəkindirmək məqsədi daşıyan manipulyasiyadır:

“Azərbaycan Respublikasının cinayət qanunvericiliyi xüsusi olaraq rüşvət verməyə məcbur edilən və ya bu barədə könüllü xəbər verən şəxsləri cinayət məsuliyyətindən azad edən konkret mexanizmlər nəzərdə tutur. Cinayət Məcəlləsinin və müvafiq antikorrupsiya qanunvericiliyinin tələblərinə əsasən, belə vəziyyətlərdə vətəndaşın hüquqları və müdafiə mexanizmləri var.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeyd hissəsinə əsasən, rüşvət verən şəxs iki halda cinayət məsuliyyətindən azad edilir: şəxsə dərəcəsinə/vəzifəsinə görə rüşvət vermə tələbi hədə-qorxu tətbiq edilməklə məcbur edildikdə və rüşvət verən şəxs cinayət törədildikdən sonra bu barədə müvafiq dövlət orqanına könüllü xəbər verdikdə.

Yəni, vətəndaşdan qanunsuz pul tələb olunubsa və ya işinin həlli üçün pul verməyə məcbur edilibsə, həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət etdikdə məsuliyyətə cəlb olunmur, əksinə, zərərçəkmiş şəxs sayılır”.

Hüquqşünas əlavə edib ki, şikayət etmək və ərizə ilə müraciət etmək Vətəndaş hüquqlarının pozulması və rüşvət tələbi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Daxili İşlər Nazirliyinə (102 xidmətinə), habelə şikayət etdiyi qurumun tabe olduğu yuxarı quruma müraciət edə bilər:

“"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun və cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin konfidensiallığı qorunur. Məlumat verən şəxsə və onun yaxın qohumlarına qarşı hər hansı təzyiq, qisas və ya təqib yolverilməzdir. Zərurət yarandıqda, hüquq-mühafizə orqanları şikayətçi şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi müdafiə tədbirləri görə bilər.

Bundan əlavə, əgər vətəndaş təzyiq altında pulu artıq ödəyibsə, cinayət işi çərçivəsində müsadirə olunan/aşkar edilən həmin vəsaitin ona qaytarılması (zərər vurulmuş məbləğin ödənilməsi) tələb oluna bilər. Qanunsuz tələbə görə vətəndaşın dayandırılmış, uzadılmış və ya imtina edilmiş hüququ (məsələn, sənəd alması, icazə verilməsi və s.) yenidən bərpa olunmalıdır.

Bu kimi hallarla qarşılaşan vətəndaşlara tövsiyə edirəm ki, imkan daxilində tələb olunan məbləğ, danışıqlar, mesajlaşmalar və ya yazışmalar barədə qeydləri mühafizə etsinlər və mümkünsə, pulu təhvil vermədən öncə birbaşa Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilsin. Bu halda əməliyyat çərçivəsində təqsirkar şəxsin cinayət başında yaxalanması təmin edilir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar