Ru
11:42 / 26 Noyabr 2026

Səkilərdə təhlükə saçan skuterlər və Paris nümunəsi: Yeni məhdudiyyətlər qaçılmazdır?

Səkilərdə təhlükə saçan skuterlər və Paris nümunəsi: Yeni məhdudiyyətlər qaçılmazdır?
Eye

Azərbaycanda elektroskuterlərin istifadəsinə yeni məhdudiyyətlərin gətirilməsi, dəbilqənin məcburi olması və bu nəqliyyat vasitələrinin qeydiyyata alınması müzakirə olunur. Son vaxtlar skuterlərin səkilərdə hərəkət etməsi, yol hərəkəti qaydalarını pozması və xüsusilə yeniyetmələrin iştirakı ilə baş verən qəzalar bu nəqliyyat vasitələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakupost”a bildirib ki, skuterlərlə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi artıq qaçılmazdır. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsi də bu mərhələdən keçib. Skuterlər şəhər nəqliyyatında tıxacların azaldılması və ekoloji təmiz nəqliyyat vasitəsi kimi təqdim edilsə də, hazırda təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

Ekspert hesab edir ki, skuterlərin yaratdığı təhlükəni nəzərə alaraq onların istifadəsi konkret mexanizmlərlə tənzimlənməlidir. Xüsusilə gənclər və yeniyetmələr bu nəqliyyat vasitələrindən daha çox istifadə edir və qəzalar zamanı zərərçəkənlər arasında onlar da olur. E.Muradlı vurğulayıb ki, gənclərin təhlükəsizliyinin qorunması üçün qaydalar sərtləşdirilməlidir.

Onun fikrincə, ilk növbədə cəza mexanizmləri gücləndirilməli və onların tətbiqinə ciddi nəzarət olunmalıdır. Ekspert təklif edir ki, skuterlərlə bağlı qayda pozuntularına görə yalnız yol polisi deyil, polisin digər strukturları da tədbir görə bilsin. O, nühafizə polisi, post-patrul xidməti və çevik polis alayına da müvafiq səlahiyyətlərin verilməsini vacib sayır.

E.Muradlı bildirib ki, skuter istifadəçiləri qayda pozuntusuna görə yalnız yol polisi tərəfindən cərimələnəcəklərini düşünməməlidirlər. Əgər sürücü səkidə hərəkət edərək piyadaların həyatına təhlükə yaradırsa, bu halda polisin digər strukturları da müdaxilə edə bilməlidir. Ekspertin fikrincə, velosiped, moped və motosiklet sürücülərinin qayda pozuntularına nəzarət məsələsi də bu çərçivədə nəzərdən keçirilməlidir.

Ekspert qeyd edib ki, hazırda skuterlər üçün ayrıca hərəkət zolaqları və parklanma yerləri yaradılıb. Şəhər mərkəzində bu nəqliyyat vasitələrinin istifadəsi üçün müəyyən şərait təmin edilsə də, sürücülər hər zaman həmin imkanlardan istifadə etmirlər. Onun sözlərinə görə, skuterlər bəzən velosiped zolaqları əvəzinə avtomobillərin arasında hərəkət edir, sürətli yollara çıxır, təhlükəli manevrlər edir və qarşı hərəkət zolağına keçir.

E.Muradlı vurğulayıb ki, bu cür davranışlar həm skuter sürücülərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atır. Bəzi hallarda avtomobil sürücüləri skuterləri vaxtında görmədikləri üçün qəza baş verir və nəticədə skuter istifadəçisi həyatını itirir. Belə hadisələrdə avtomobil sürücülərinin də məsuliyyətə cəlb olunması əlavə problem yaradır.

Ekspert nümunə kimi Fransanın paytaxtı Parisdə elektrik skuterlərinin istifadəsinə qadağa qoyulmasını xatırladıb. Onun sözlərinə görə, vaxtilə bu nəqliyyat vasitələri üçün geniş imkanlar yaradılsa da, qəza və ölüm hallarının artması fonunda şəhərdə onların istifadəsi qadağan edilib.

E.Muradlı hesab edir ki, Azərbaycanda problemin həlli üçün maarifləndirmə işləri aparılmalı, qanunvericilik sərtləşdirilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Onun fikrincə, skuterlərin şəhər nəqliyyatında alternativ vasitə olması onların təhlükəsizlik qaydalarından kənarda qalmasına əsas vermir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar