“Sentyabrın 13-də Azərbaycan və Ermənistan sərhədlərində baş verən savaş bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ problemi həll olunsa da, Ermənistanla Azərbaycan arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır və bu da müharibənin hər an başlanmasına gətirib çıxara bilər”.
Bu sözləri
millət vəkili Musa Quliyev Bakupost.az -a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, gərginliyin qalması və müharibə təhlükəsinin olması sülh müqaviləsini tezləşdirməyi şərtləndirir:

“Düşünürəm ki, gərginliyin başlıca səbəbi üç ölkə rəhbərinin imzaladığı 10 noyabr bəyənnaməsində yer alan maddələrin Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Bu da böyük sülhün imzalanmasına əngəl törədən məsələdir. 44 günlük müharibədən iki ilə yaxın vaxt keçsə də, Soçidə və Moskvada İlham Əliyevun. Vladimir Putinin və Paşinyanın iştirakı ilə 4 dəfə görüşlər keçirilib. 4 dəfə isə Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə görüşlər baş tutub. Bütün bu keçirilən görüşlərdə 10 Noyabr tarixində imzalanan üçtərəfli bəyanatın maddələrinin icrasının zəruriliyi qeyd edilib. Həmin görüşlərdə Ermənistan baş naziri Nikol Paşinyan bu müddəlaların yerinə yetirəcəyinə dair söz versə də, daha sonra müxtəlif bəhanələrlə öz vədindən boyun qaçırıb. Hansı müddəalar yerinə yetirilməyib? İlk olaraq, Qarabağ ərazisindən erməni silahlı qruplaşmalarının çıxarılması, komunikasiyaların, Zəngəzur dəhlizinin açılması və s. Hazırda Ermənistan koridorun açılmasına etiraz edir. Yalnız müxtəlif bölgələrdə avtomobil yollarının açılmasını istəyir. Bu isə Azərbaycan üçün məbul variant deyil. Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq" formatında əməkdaşlıq başlasa, çox böyük bir uğur əldə etmiş olarıq. Bu tendensiya həm iqtisadi tərəqqinin, həm də sülhün möhkəmlənməsi üçün böyük bir naliyyət olardı. Zəngəzur koridorunun açılması, məhz Naxçivan üzərindən Türkiyəyə dəmiryolu və quru yolu kimi imkanların əldə olunması deməkdir. Bu isə həm Türkiyə, həm Rusiya, həm İran, həm Gürcüstan, ən çox da Ermənistanın iqtisadi maraqlarına uyğun gələn bir variantdır. Amma təəsüf ki, Ermənistan bu projenin gərçəkləşməsinin əleyhinə çıxdı, İran da dəmiryolu layihəsini əngəlləyən müxtəlif bəhanələr irəli sürür. Doğurusu, İranın destruktiv mövqeyi bizdə təəssüf doğurur".
Millət vəkili vurğulayıb ki, digər bir məsələ isə sərhədlərin hələ də müəyyənləşməməsidir:
“Azərbaycan tərəfi 1920-ci ildəki və ondan sonrakı illərdəki xəritələrdən istifadə etməklə sərhəd məsələsinin həllini təklif edir. Rusiya tərəfi də buna razıdır. Amma Ermənistan bu məsələdən də qaçmağa üstünlük verir. Baxmayaraq ki, sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komissiya yaradılıb. Bu komissiyanın iki görüşü artıq baş tutsa da, Ermənistan tərəfi hər bəhanə ilə bu məsələni ləngidir. 13 sentyabr tarixində hər iki tərəfdən böyük itkilərə səbəb olan döyüşün olmasının başlıca səbəbi Ermənistanın təxribatçı mövqeyidir. Hesab edirəm ki, Ermənistan münaqişənin uzadılmasında maraqlıdır. O səbəbdən də sülh anlaşmasını imzalamamaq adına belə təxribatlara əl atır”.
Münaqişənin dondurulmuş olaraq saxlanılması Ermənistanın indiki maraqlarına cavab verir deyən M.Quliyevin fikrincə, Paşinyan ATƏT-in Minsk üçlüyünü yenidən məsələnin həlli prosesinə cəlb etmək niyyətindədir:
"Təxribat başlayan gecə Ermənistanın baş naziri səhərəcən telefonun dəstəyindən asılı qaldı, Moskvaya, Parisə, Vaşinqtona zənglər edərək, kömək istədi, KTMT-yə müraciət etdi. Eyni zamanda parlamentin toplanmasını, İrəvanda əhalinin istefa şüarları ilə yenidən küçələrə axışmasını da hər kəs gördü. Ermənistanın məkrili və təxribatçı mövqeyi elə onun özünə zərər vurur. Paşinyan bir sıra xarici siyasi dairələr qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə Ermənistanı süquta aparacaq”.
Günel
BakuPost