Ru
21:15 / 21 İyun 2024

Sertifikatlaşdırma imtahanı: əməkhaqqısı artırılanların sayı 55 000-ə çatacaq?

9705
İyunun 21-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair təhsil ekspertləri, ictimaiyyət nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Bakupost.az xəbər verir ki, riyaziyyat fənni üzrə test imtahanının təşkil edildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə keçirilən görüşdə iştirakçılara təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat verilib. Bildirilib ki, şəffaflığın təmin edilməsi məqsədilə imtahan mərhələsinin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan da daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir. Prosesə dövlət ümumi təhsil müəssisələrində çalışan 24 064 müəllim cəlb olunub.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 000-dən çox müəllimin əməkhaqqısı artırılıb. Bu tədris ilindən əməkhaqqısı artırılan müəllimlərin sayının 55 000-ə çatacağı proqnozlaşdırılır.

Görüşdə sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsiri də müzakirə olunub.

Görüşdə həmçinin qonaqların sertifikatlaşdırma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Daha sonra görüş iştirakçıları imtahan prosesini izləyiblər.

Qeyd edək ki, bu gün 21-də keçirilən müəllimlərin sertifikasiyası imtahanın ilk mərhələsində isə 8580 riyaziyyat müəllimi iştirak edib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, prosesin ilk günündə 97 faiz davamiyyət qeydə alınıb.

Onu da qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər