Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib.
Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azatutyun” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
“İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi həm də legitimliyin olmaması, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”, – erməni spiker etiraf edib.
Simonyan həmçinin qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.
“Biz [İrəvan və Bakı arasındakı] sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər”, – A.Simonyan vurğulayıb.
Siyasətçi həmçinin sülh müqaviləsinin bağlanması üzrə danışıqların “3+3” platforması çərçivəsində başa çatdırılması təklifinə toxunub.
“Düşünürəm ki, biz belə bir variantı nəzərdən keçirəcəyik, hərçənd, açığı, razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm”, – erməni spiker əlavə edib.