Ru
11:05 / 24 Yanvar 2023

Susan adam.. - İdris Heydərlinin yazısı

28981
İdris Heydərli

AzTv yə rəhmətlik Mailə Muradxanlı dəvət etdi, il 1994 idi. Teatr təhlilindən fəlsəfəyə yönəlmişdim, oxumaq, bilmək dərdim var idi.

AzTv isə mənə fərqli bir həyat göstərdi.

Burda iki həyat yaşanardı, biri kameralar qarşısında, digəri AzTv nın çayxanasında.

Rauf Mirzəyevlə ədəbi dram redaksiyasında tanış olduq, Mailə xanım "Tariximiz, abidələrimiz" adlı bir verilişi bərabər hazırlayın, demişdi.

Ramiz Mirzəyevin qardaşı olduğunu çox sonradan biləcəkdim. Rauf müəllimlə ilk kəs yola çıxdıq, Şamaxı. Diri Baba piri haqqında film hazırlamalı idik.

AzTv də çayxana və yollar ən vacib detallar idi, kim, harda, necə, nə edir, yollar gedilərdi, çayxanada müzakirə edilərdi.

Rejissor Rauf Mirzəyevlə tanışdıq. Danışmadıq. Rauf danışmağı sevmirmiş, sonradan bildim. Bizi Şamaxıya aparan Məmurla söhbət etmədi, sadəcə "hə" və "yox"la yola verdi.
Sonra AzTv dən ayrılana qədər Rauf Mirzəyevlə bərabər 100 dən çox veriliş, film hazırladıq.

Birgə işlədik. Birgə düşündük. Birgə mübahisə etdik, müzakirə etdik.

Və mənim üçün Rauf Mirzəyev bir Ustad oldu,
öyrətdi,
tanıtdı,
göstərdi.

Və Kamera qarşısında yaşanan yalanların həqiqətini anlatdı.

Kamera bir yalançı gözdür, kimsə bu kameranın yalançı gözü qarşısında doğruları danışmaz, göstərməz, anlatmaz. Bu kameranın üzü olan Efir isə Yalanın evidir.

Rauf Mirzəyevlə çox sonralar danışmağa başladıq, onun Səssizliyinin mahiyyətini sonralar dərk etdim, onun "Susan Adam" olmasını kimliyindəki həqiqətləri susması ilə göstərməsini gördüm.

Ailə olaraq teatral bir dünyanın içindən gələn və görən adam oyunlar qarşısında
"Susan Adam" olmuşdu. Səssizliyi yalançı səslər arasında bir duruş, kişilik nümunəsi yaşadardı. Kameradakı gözün qarşısında oyun çıxaranlara etirazını gözlərdən yayınan bucaqları göstərməklə görərdi.

Danışmazdı, kadrları danışdırar, oxutmaq istədərdi. O AzTv də "səssiz kadr"ların həqiqətlərini montaj vasitəsi ilə danışdıran tək Rejissorlardan idi. Hər məkanda kəşf etdiyi Həqiqəti "yalançı göz"ə, "yalançı işıq"a qarşı qoyub insanlaşdırardı.

Onun kadrında insanlar fərqli bir dünyaya rast gələrdilər ki, bu Səssiz kadrları ancaq bilənlər bilərdi.

O Təkləşmiş, yorğun adam hər günü "Miyanə" yaşardı. İndi Kanadada yaşayır, övladlarının yanında.

Bu gün yeni bir yaşını qeyd edir. Mübarəksən, Rauf Mirzəyev Ustad.

İnsan olmanın dərdi çoxdur, amma həqiqəti olan insanın isə heç bir dərdi yoxdur,
Hüzürlü olmanı, həyatı doya-doya yaşamanı sizdən öyrəndim. Nə gözəl ki, varsınız.
Nə gözəl ki, Oyun çıxaranların qarşısında duruş gətirib həyat Oyun deyil deyə biləcək bir gücün var olmasını bizə tanıtdınız. Nə gözəl ki, Səssizliyinizlə bizə Səsi göstərdiniz,
Yalançı gözlərin qarşısında Gözümüzü açdınız. Susan Adam izindəyik.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər