ABŞ Prezidenti Donald Tramp Şimali Karolinadakı Fort Bragg hərbi bazasında keçirilən mərasimdə Los-Ancelesdə baş verən hadisələrdən danışıb.
Bakupost.az "Anadolu"ya istinadən xəbər verir ki, Tramp Los-Ancelesdəki zorakılıq hadisələrinə qarışan nümayişçilərə sərt reaksiya verib:
“Onlar başqa ölkələrin bayraqlarını qürurla daşıyırlar, amma Amerika bayrağını yandırırlar. Amerika bayrağını yandıranlar bir il həbs cəzasına məhkum edilməlidirlər.”
O, bu hadisələrin qəbuledilməz olduğunu və ştat rəhbərliyinin aciz qaldığını, buna görə də özü nizam-intizamı bərpa etmək üçün hərəkətə keçdiyini bildirib.
Tramp nümayişçilərin çoxunun pul qarşılığında zorakılıq törətdiyini iddia edib.
Əgər Los-Ancelesə minlərlə Milli Qvardiya əsgəri göndərilməsəydi, şəhərin məhv olacağını deyən Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu bacarıqsız və qeyri-effektiv olmaqda günahlandırıb.
Tramp əlavə edib:
“Kaliforniyada şahidi olduğumuz mənzərə ölkəmizə qarşı yad bir işğalın davamıdır. Bu üsyançılar yad bayraqlar daşıyaraq sülhə, ictimai asayişə və milli suverenliyə hücum edirlər. Biz buna icazə verməyəcəyik. Los-Ancelesi azad edəcəyik!”
Aysel,
BakuPost