Analitiklər hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənib, lakin vəziyyət tezliklə dəyişə bilər. Bildirilir ki, bu dəfəki danışıqlar əvvəlkindən daha çətin olacaq. Bunun səbəbi isə Ukraynanın Kurska hücumudur. Ekspertlər bildirir ki, Ukrayna Rusiya ilə danışıqları qadağan edən qanunu dəyişmədiyinə görə, Zelenski ABŞ-da seçkilər başa çatana qədər gözləmək istəyir. Digər tərəfdən, bu gün danışıqlar dalana dirənmiş kimi görünsə də, Ukrayna ordusunun döyüş meydanında itkiləri və Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi ehtimalı fərqli ssenarini gündəmə gətirə bilər.
Məsələylə bağlı Bakupost.az -a danışan politoloq Zərdüşt Əlizadə isə bu fikirlərlə razılaşmır.
Onun sözlərinə görə, müharibəyə başlamaqla Rusiya ciddi səhv edib:
"Rus kəşfiyyatı hökumətə yalan məlumat verib. Hökuməti də bu korrupsionerlərə inanaraq müharibəyə başlayıb. Ukrayna xalqı səfərbər olub, rus ordusuna müqavimət göstərib və qələbə üçün işıq ücü görünmür. Qaldı ki, Donald Trampın prezident seçkilmək ehtimalı çox aşağıdır. O, prezident olanda Amerikanın "dərin dövlət"i onun başına oyun gətirdi. Onlar başa düşür ki, Tramp kimi qeyri-sabit adam Amerika kimi sabit dövlət üçün təhlükədir. Əminəm ki, yenə də Amerikanın "dərin dövləti" ona qalib gəlməyə imkan verməyəcək”.
Politoloq deyib ki, Tramp prezident seçilsə belə, vəziyyət Rusiyanın xeyrinə dəyişməyəcək:
“Tramp Ukraynaya silah verməsı, Avropa İttifaqı verəcək. Avropa çox yaxşı başa düşür ki, Rusiya Ukraynanı tutsa, ona ağalıq edəcək. Düşünürəm ki, əlbəttə, Ukrayna rəhbərliyi də dayaz, acgöz siyasət yürüdüb xalqı müharibəyə sürüklədi. Ukraynanın bu siyasətdə böyük günahı var”.
Vasif
BakuPost