Ru
09:16 / 05 Avqust 2022

Yasir əl-Həbib tərəfdarları Azərbaycan səfirliyinə niyə hücum edib? - Radikalların BƏYANATI

2121

2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək, səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar


Xəbər verildiyi kimi, avqustun 4-də radikal dini qrupun üzvləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.


Azərbaycan XİN-in rəsmi məlumatında deyilir ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.


İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub.

Artıq əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir.

Qeyd edək ki, Küveyt əsilli radikal görüşlü din xadimi Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib – K.R.) qalmaqallı şəxs kimi məşhurdur. 1979-cu ildə Küveytdə anadan olan əl-Həbibin ilk ali təhsili Küveyt Universitetində siyasət elmləri olub. Bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” təşkilatını yaradıb. Ancaq ifrat görüşlərinə görə, xüsusən də Peyğəmbər (s) səhabələri, raşidi xəlifələrini təhqir etdiyi üçün həbs olunub. Azad edildikdən sonra dini təhsil alıb, İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan əl-Həbib Müctəba əl-Şirazinin kürəkənidir.




2008-ci ildən böyük Britaniyaya köçən əl-Həbib burda keçmiş kilsə binasını alaraq məscidə çevirib və radikal çıxışlarını burda edib. Eyni zamanda “Fədək” adlı telekanal açan əl-Həbib buradakı çıxışlarında Peyğəmbər (s) səhabələrini, həmçinin mötədil görüşlü şiə üləmasını təhqir etməsi ilə “məşhurlaşıb”. Əl-Həbib və tərəfdarlarının Məhəmməd Peyğəmbərin (s) həyat yoldaşı Aişə bint Əbu Bəkrin ölümü günündə bayram etməsi sünni və şiə dünyasında ciddi narazılıq doğurub. İran dini lideri bunu pisləyib.

Yasir əl-Həbib isə buna cavab olaraq İran hakimiyyətini, o cümlədən Ayətullah Seyid Əli Xameneyini təhqir edərək onun əhli-sünnə müqəddəslərini təhqir edilməsini qadağan edən fətvasına görə “zalim” adlandırıb.

Öz növbəsində İranda fəaliyyət göstərən nüfuzlu üləma Yasir əl-Həbibi Böyük Britaniya kəşfiyyatına xidmət edən, “ingilis şiəsi” adlandıraraq fitnə yaymaqda günahlandırır. Əl-Həbibə görə, vəhdət tərəfdarı olan şiələr “bətri”, yəni xəyanət edənlərdir.

Qeyd edək ki, 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar.

Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.

Maraqlıdır ki, şiəlik içərisində ifrat görüşləri ilə seçilən Ayətullah Şirazi tərəfdarları hazırda əsasən İraq və Böyük Britaniyada çoxluq təşkil edirlər. Britaniyada keçmiş müstəmləkələrdən, xüsusən də İraq, Pakistan, Hindistan, Küveyt, Bəhreyn kimi ölkələrdən şiə ailələri məskən salıb. Onların arasında İranın hazırkı dini hakimiyyəti ilə müxalif olan şiə qrupları, o cümlədən Ayətullah Şirazi tərəfdarları var.

Qeyd edək ki, şiə elmi-dini camiəsində xeyli məşhur olan “Şirazilər” İraqda və İranda (Qumda) yaşayıb fəaliyyət göstəriblər. Ailənin əsas siması Ayətullah Şirazi ötən əsrin 70-ci illərində İraqda Səddam Hüseynin təzyiqlərindən qaçaraq bir müddət Livanda yaşayıb, daha sonra Suriyaya köçüb və prezident Hafiz Əsədlə dostluq əlaqələri qurub. Məhz onun sayəsində Suriyada ilk şiə mədrəsəsi yaranıb. Ancaq “Şirazilər” İran İslam inqilabını dəstəkləməyiblər və vilayəti-fəqih nəzəriyyəsinə (fəqihin ali hakimiyyəti, yaxud dini iqtidar nəzəriyyəsi – K.R.) müxalif olublar. Bu müxaliflik ilk vaxtlarda daha çox nəzəri fikir ayrılığı şəklində olub, siyasi qarşıdurma olmayıb. Fikir ayrılığı sonradan daha da dərinləşib və düşmənçiliyə çevrilib. Hazırda Şirazi ailəsinin İranda ofisləri olsa da, əsasən İraqda, Küveyt, Bəhreyn və digər ərəb ölkələrində daha geniş yayılıb və şəbəkə formalaşdıra biliblər.




Qeyd edək ki, Küveyt hakimiyyəti İnterpoldan Yasir əl-Həbibin həbsini tələb etsə də, bu tələb cavabsız qalıb. Bu da bir çox dairələrdə əl-Həbibin qorunduğu ilə bağlı iddialara səbəb olub. Həmçinin onun İranın Londondakı səfirliyinə hücum təşkil etməsi və səfirliyin ələ keçirilməsi Britaniya hakimiyyətinə qarşı Həbibin məqsədli olaraq qorunması ittihamlarına səbəb olub.

Qeyd edək ki, 4 avqust hücumu ilə bağlı əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan hakimiyyətinin ölkədə Hüseyni ayinlərə qarşı mübarizəyə etiraz əlaməti olarq “Xuddam əl-Mehdi” (Mehdinin Xidmətçiləri) – K.R.) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin (əleyhissalam) bayrağını qaldırıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan mövzusuna heç zaman müraciət etməmiş bu qrupun qəflətən Azərbaycanda dini vəziyyətlə bağlı aksiya keçirməsi sual doğurur. Belə görünür ki, yaranmış vəziyyətdə qrup diqqət cəlb etmək və dini təəssübkeş imici formalaşdırmağa çalışır.



Musavat.com

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər