Ru
14:14 / 22 Noyabr 2020

Azərbaycan kinosunun Oskar intriqaları

1946
Sevda Sultanova

Müxtəlif saytlarda vaxtaşırı rejissor Lətif Səfərov (“Bəxtiyar”, “Qızmar günəş altında” filmlərinin müəllifi) haqda yayımlanan materiallarda, onun intiharının səbəbini həyat yoldaşı Şövkət Ələkbərova ilə bağlayırlar. Yanlış interpretasiyadır. Lətif Səfərovun intiharına gətirən səbəblər- filmlərinə müdaxilə və tətbiq olunan senzura, arzuladığı ekran əsərlərini çəkməsinə imkan yaradılmaması, ideoloji basqı, məmurlarla konflikt idi. Sadaladıqlarım bir tərəfə, Səfərova stress yaşadan başqa amil də vardı: rejissor həmkarlarının ona qarşı psixoloji hücumu. Həmin rejissorlar arasında üç nəfərin adı xüsusi hallanır: Tofiq Tağızadə, Əlisəttar Atakişiyev və Hüseyn Seyidzadə. Hər üçü milli kinomuzda məxsusi yeri olan peşəkarlar…

Səfərova qarşı müxalif qrup yaradan, VQİK-i yeni bitirən üçlük kino sahəsində öz fikirlərini diktəyə iddialıydılar. Hətta qarşıdruma nətcəsində 1963-cü ildə Kino İttifaqının İdarə Heyətinə Lətif Səfərov salınmamışdı. Halbuki, Səfərov 1957-ci ildən Kino İttifaqının yaradılmasında böyük əziyyətlər çəkmişdi, əsəblərini xərcləmişdi, məmurlarla üz-göz olmuşdu və daim Moskvanı sərt tənqid edirdi ki, siz Azərbaycana, digər respublikalara əyalət kimi baxırsınız, sizdən fərqli olaraq, bizim film çəkmək üçün normal texnikamız, iş şərtlərimiz yoxdur. Səfərovun bioqrafiyasının araşdrımaçısı Nəriman Əbdürrəhmanlı bir maraqlı faktı da qeyd edir: 1958-ci ildə Ümummittfaq festivalında Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmi mükafat almadı. Tağızadə mükafat almadığına görə Səfərova psixoloji terror edirdi. Məsələ onda idi ki, həmin festivalın münsiflər heyətinin üzvlərindən biri Səfərov olmuşdu. Səfərov təşkilat komitəsinin üzvləri qarşısında izahatla çıxış edir, üstəlik, festivalın münasiflər heyətindən açıqlama alır və sübut edir ki, Tağızadənin mükafatsız qalmasında onun rolu yoxdur. Lakin həyat bumeranqdır. Hər üç rejissor müxtəlif vaxtlarda təzyiqlərə məruz qalır, film çəkmələrinə maneələr törədilir, xüsusən Ataşkişiyev və Seyidzadənin taleyi faciəli olur.

Sovet dönəmində digər sahələr kimi kinonun da monopoliyada olması, mərkəzdən il ərzində yalnız 2-3 tammetrajlı filmlərin çəkilişinə izn verilməsi, daimi basqılar, rejissorların potensialını realizə edə biıməməsi intriqalara yol açırdı. Yəni əslində mövcud rejimdə təkcə Səfərov yox, adlarını çəkdiyim və çəkmədiyim digər rejissorlar da sistemin qurbanı olurdu.

Müstəqillik qazanandan bir müddət sonra kino istehsalının mərkəzləşdirilməsi, özəl kino istehsalı müəssisələrinin dövlətin kinoya ayrılan büdcəsindən kənarda qalması kinomuzu sovet dövrünə xas problemlərdən qurtarmadı: məmur-yaradıcı konflikti, film istehsalında əsassız əngəllər, senzura, rejissorlar arasında müəyyən intriqalar…

Elə sovetdənqalma təfəkkürlə, köhnə-kürüş ideoloji düşüncəylə rejissor Hilal Baydarovun bu il Venesiya festivalının əsas proqramına düşmüş “Səpələnmiş ölümlər arasında” filmini ölkəmizdəki Oskar komitəsi “əcnəbi dildə ən yaxşı film” nominasiyası uğrunda Oskara göndərməyi məqbul saymayıb. Ölkəmizdə iki Oskar Komitəsi var: birinin rəhbəri Rüstəm İbrahimbəyov, digərinin rəhbəri isə Şəfiqə Məmmədovadır. İbrahimbəyovun rəhbərlik etdiyi komitə indiyədək Oskara dörd (“Qafqaz”, “Sahə”, “Qala”, “Buta”), Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi qurum isə iki film (“Çölçü”, “Nabat”) yollayıb. “Səpələnmiş ölümlər arasında” filminin prodüserləri isə ikinci, yəni Şəfiqə Məmmədovanın idarə etdiyi Oskar Komitəsinə müraciət ediblər və imtina cavabı alıblar.

Bir qayda olaraq film istehsalçıları istədiyi Oskar komitəsinə müraciət edə bilərlər. Daha aydın desəm, Oskar komitələrinin hansısa filmi seçib göndərmək salahiyyəti yoxdir, komitələr yalnız onlara edilən müraciət əsasında fəaliyyət göstəririlər. “Səpələnmiş ölümlər arasında” ekran işinin prodüserləri imtina cavabı alandan sonra, R.İbrahimbəyovun rəhbərlik etdiyi “Oskar” komitəsinə üz tutmayıb. Əvəzində yaxınlarda yaradılan gənc kinematoqrafçlardan ibarət yeni bir Oskar Komitəsi filmi qəbul edib. Yalnız Oskar Akademiyasına qəbul dekabrın 1-dək olduğundan, yəni vaxt qıtlığından Baydarovun filminin siyahıya düşüb-düşməməsi məlum deyil. Göründüyü kimi, artıq ölkədə üç Oskar komitəsi fəaliyyətdədir, istehsalçıların seçim imkanı var və bu mənada hansısa komitənin filmi Oskara yollamamasında da problem yoxdur.

Lakin məsələ göründüyü qədər sadə deyil. İkinci, yəni Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi qurum İbrahimbəyovun məlum siyasi fəaliyyətindən sonra yarandı. Filmlərini bu quruma göndərməyə ehtiyat edən müəlliflərin ikinci Oskar komitəsinə ehtiyacı yarandı. Təsadüfi deyil ki, ikinci komitəni yaratmaq təşəbbüsü həmin ərəfədə, yəni 2012-cü ildə “Çölçü” bədii filmini çəkən rejissor Şamil Əliyevdən gəlmişdi. Və məhz Şamil Əliyevin “Çölçü”sü Oskar mükafatı qazanmaq uğrunda komitənin Amerikaya göndərdiyi ilk film oldu.

Başqa bir məsələ- yenə həmin ərəfədə İbrahimbəyovin siyasi fəaliyyətindən dolayı onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ təşkilat Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıldı və Şəfiqə Məmmədova bura sədr təyin edildi. Yuxarıda qeyd etidyim kimi Məmmədova eyni zamanda Oskar Komitəsinin rəhbəridir. Dediyim odur ki, Məmmədova hakimiyyətlə yaxındır və məmurlarda fikir formalaşdıra bilir. Milsaçün, etibarlı mənbədən aldığımız məlumata əsasən, Məmmədova yüksək rütbəli məmurlara “Səpələnmiş ölümlər arasında” lentinin ölkənin maraqlarını ifadə etmədiyini, ölkəni tənqid etdiyini və kriteriyalara cavab vermədiyini deyib. Komitə üzvlərindən Ramiz Fətəliyev və Yavər Rzayev filmi dəstəkləyib. Məmmədova da daxil olmaqla, Şamil Əliyev və Ayaz Salayev əleyhinə səs veriblər.

Maraqlıdır, komitə “kriteriyalara cavab vermir, ölkəni tənqid edən film” deyəndə nələri nəzərdə tutur? Ümumən belə fikir yaranır ki, komitə üzvləri “ölkəni tənqid” anlayışı, onun mahiyyəti və məzmunu haqda dumanlı, obyektiv olmayan təsəvvürlərə malikdirlər. Bu mücərrədlik ona əsas yaradır ki, komitə bundan sonra da bura daxil olan istedadlı, aktual filmlərə “yox” deyərək abstrakt şərhlərilə müəlliflərin nüfuzunu şübhə altına alacaq.

Ona görə komitə tərəfindən aydın, əsaslandırılmış, konkret arqumentlərə ehtiyac var. Həm də ona görə ki, Baydarovun, kino tariximizdə ilk dəfə Venesiya festivalının əsas müsabiqəsinə qatılan filminin Oskarın qısa siyahısına düşmək imkanı yarana bilərdi.

Başqa tərəfdən “Səpələnmiş ölümlər arasında” filminin əleyhinə səs vermiş üzvlərin səmimyyətinə və obyektivliyinə nə qədər inana bilərik?

Şəfiqə Məmmədova peşəkar aktrisadır. Lakin onun rejissor işi, bütövlükdə kino sənəti haqda yüksək bilgilərinin olması, dərin intellektə malik olub-olmaması haqda məlumatsızıq. Ayrıca Məmmədova ictimai fiqur olmasına rəğmən media ilə ünsiyyətdən qaçır. Halbuki, dövlət büdcəsindən maliyyələşən bir qurum rəhbəri kimi o, ictimaiyyət qarşısında məlumat, hesabat verməyə borcludur.

Şamil Əliyevə gəlincə, o, özü haqda qeyri-ciddi rejissor imici formalaşdırıb. “Çölçü”nün çəkilişlərindən uzun illər keçməsinə baxmayaraq, az qala hər ay bu filmin müxtəlif festivallarda iştirakı ilə bağlı xəbərlər gözə dəyir. Normalda filmin festival taleyi istehsal ilindən başlayaraq bir neçə il davam edir. Şamil Əliev isə on ilə yaxındır ki, “Çölçü”nü nüfuzu olmayan saxta festivallara göndərir və bu haqda xəbərlər yayır.

Bir dəfə vloqumda qeyd etmişdim ki, nazirliyin kino siyasətinin dirçəldilməsinin yollarından biri Ayaz Salayevi kinoistehsalından uzaqlaşdırmaqdır. Onun kinoya dəyəcək yeganə funksional faydası müəllimlik fəaliyyətidir. Salayevin 2009-cu ildə çəkdiyi “Ehram TV” filmi qəbul olunmadı, kino sektorunun o vaxtkı rəsmisi Cəmil Fərəcov mətbuata açıqlamasında bəzi məqamların nazirliyin xoşuna gəlmədiyini və film üzərində redaktə işlərinin aparıldığını bildirmişdi. Nəticədə “Ehram TV” ”Ağ-qara gecələr” (2013) adı ilə yenidən çəkildi və rəsmi təqdimatı olmadı. Nəhayət, yaxınlarda film yotube-da yayımlanıb. Yəqin ki, film haqda AzLogos üçün bir yazı hazırlayacam. Qısası,”Ehram TV”-yə dövlət büdcəsindən havayı pullar xərcləndi, ikinci film də heç yerdə uğur qazanmadı. Bura Salayevin 2016-cı ildən keyfiyyətsiz “Qarabağın həsrət salnaməsi” layihəsinin istehsalına ayrılan pulları da gəlsək, onun kinomuza vurduğu maddi və üstəlik, mənəvi ziyanın ölçüsünü təsəvvür etmək çətin olmayacaq.

Bu səbəblərdən növbəti alternativ Oskar komitəsinin yaradılması, özü də tərkibinin gənclərdən ibarət olması zəruri idi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər