Ru
13:17 / 04 Noyabr 2025

“Azərbaycan Nəşriyyatı” pulsuz qaldı – Özəlləşdirilib söküləcək?

“Azərbaycan Nəşriyyatı” pulsuz qaldı – Özəlləşdirilib söküləcək?
Eye

Vaxtilə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətində olan Azərbaycan Nəşriyyatının onun istefaya göndərilməsindən sonra sökülməsi və ya özəlləşdirilməsi məsələsi gündəmə gəlmişdi.

Lakin Nazirlər Kabineti 1923-cü ildən fəaliyyət göstərən bu qurumla bağlı fərqli qərar qəbul etdi. Belə ki, Baş nazir Əli Əsədov 2022-ci il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi haqqında” 11 oktyabr 2018-ci il tarixli qərara dəyişiklik edib. Qərara əsasən, “Azərbaycan Nəşriyyatı”nın təşkilati-hüquqi forması dəyişdirilərək kommersiya qurumuna çevrilib və 4 milyon 79 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidməti tərəfindən “Azərbaycan Nəşriyyatı” MMC Prezidentin İşlər İdarəsinin tabeliyində dövlət qeydiyyatına alınıb. “Azərbaycan Nəşriyyatı” MMC dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına maliyyələşir. Belə ki, 2024-cü ildə quruma 2 milyon 352 min 890 manat, 2025-ci ildə isə 2 milyon 228 min 290 manat məbləğində vəsaitin ayrılıb.


Nəşriyyatın maliyyə hesabatına görə, qurum 2024-cü ili 1 milyon 842 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 14,4% çoxdur. Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5 milyon 663 min manat (əvvəlki illə müqayisədə 0,6% az), xərcləri isə 7 milyon 506 min manat (2,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 31 milyon 112 min manat olub ki, bu da illik müqayisədə 6,1% azalma deməkdir. Hesabat dövründə qurumun öhdəlikləri 18,7% azalaraq 762 min manata, balans kapitalı isə 5,7% azalaraq 30 milyon 350 min manata enib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan gələn ilin büdcə layihəsində “Azərbaycan Nəşriyyatı” MMC-yə vəsait ayrılmadığı məlum olub. Bu isə belə bir sual yaradır: zərərlə fəaliyyət göstərən MMC əsas gəlir mənbəyini itirdikdən sonra necə fəaliyyət göstərəcək?


Qeyd edək ki, “Azərbaycan Nəşriyyatı”nda xeyli sayda qəzet və jurnal nəşr olunur. Həmçinin 8 mərtəbəli binanın demək olar ki, bütün otaqları media, QHT və digər özəl təşkilatlara icarəyə verilib. Bundan başqa, qurumun ərazisində avtotəmir sexləri, anbarlar, prodakşn studiyaları kimi müxtəlif obyektlər də fəaliyyət göstərir və onlar aylıq olaraq nəşriyyata icarə haqqı ödəyirlər.

Nəşriyyatın taleyi ilə bağlı bir neçə ehtimal irəli sürmək mümkündür:

MMC-nin balansında olan əmlak özəlləşdirilir və onun yeni sahibi “Azərbaycan Nəşriyyatı”nın gələcək fəaliyyəti ilə bağlı qərarı özü qəbul edir;


MMC icarə qiymətlərini artırır və maliyyə ehtiyaclarını bu yolla qarşılamağa çalışır. Lakin müasir tələblərə cavab verməyən binada icarə haqlarının bahalaşdırılması real çıxış yolu deyil. Orada fəaliyyət göstərən ictimai qurumların əksəriyyətinin maliyyə vəziyyəti zəifdir və onlar məhz aşağı icarə haqqına görə bərbad şəraitdə ofis icarələməyə məcbur olublar. Əgər qiymətlər qalxarsa, icarədarların çoxu binanı tərk edəcək.

Beləliklə, gələn il MMC-nin fəaliyyətini dayandırması, daha sonra isə onun taleyi ilə bağlı qərarın Prezident Administrasiyasında verilməsi daha real ehtimal sayılır.

Xatırladaq ki, “Azərbaycan Nəşriyyatı”na 2005-ci ildən 2021-ci ilə qədər Ağabəy Əsgərov rəhbərlik edib. 2021-ci il sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə A.Əsgərov vəzifədən azad olunub, 1 oktyabr 2021-ci ildə Leyla Güləliyeva baş direktor təyin edilib.

Mənbə: AzPolitika.info


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar