Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır.
Bu əsasda Azərbaycanda da anoloji modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdəndir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov
Bakupost.az-a bildirib ki, Azərbaycanda daha qısa müddətli iş rejiminin müzakirəsi artıq çağırışdır:
“Paytaxt və ətrafda təmərgüzləşmiş əmək bazarında əlçatanlıq ciddi şəkildə aşağı düşüb. İşə çatmaq üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə artıb, bu bəzən bir neçə saata çatır. Belə bir şəraitdə əvvəlki tək 8 saatlıq iş saatının gözlənilməsi əmək məhsuldarlığının xeyli dərəcədə aşağı düşməsinə gətirib çıxarır”.
Ekspert qeyd edir ki, praktik və nəzəri təhlillər, pilot layihələr əslində iş saatlarının azaldılmasının əmək məhsuldarlığının artmasına gətirib çıxardığını göstərir:
“Azərbaycanda əmək bazarında əsasən dövlət işə götürəndir. Bu isə müvafiq istiqamətdə çağırışın daha düzgün idarəolunması üçün müəyyən imkanlar formalaşdırır. Hazırda 900 minə yaxın insan dövlət sektorunda muzdla çalışır. Onun da əhəmiyyətli hissəsi qeyri-istehsalat sahəsində işləyir və bu insanların əmək məhsuldarlığı çox aşağıdır. Həmin insanlar üçün vaxtdan daha səmərəli istifadə etmək imkanının yaradılması dövlət üçün hər hansı bir iqtisadi itkiyə səbəb olmayacaq. Əvəzində insanların daha erkən işdən çıxması ilə yolların yüklənməsinin də qarşısı alına bilər”.
Mərkəzi rəhbəri bildirir ki, bir çox ölkələrdə insanların işə gəlmək üçün sərf etdiyi vaxtın iş zamanı hesab edilməsi təcrübəsi də artıq ortaya çıxmaqdadır:
“Müvafiq yanaşmanı qoymaqla 6 saatlıq iş rejiminin tətbiqi ilə hökumət eyni zamanda vətəndaşın müvafiq çətinliklərini bu və ya digər şəkildə dəyərləndirir”.
R. Həsənov deyir ki, iş saatının azaldılması həm də işsizliklə mübarizə yollarından biridir:
“Faktiki olaraq, Azərbaycan iqtisadiyyatı işsizlik problemilə üzləşməkdədir. Sürətlə rəqəmsallaşan iqtisadi mühitdə orta müddətli dövr üçün ən ciddi çağırış robot texnologiyası, avtomatlaşdırmanın, süni intelektin iqtisadiyyatın bütün sahələrinə tətbiq edilməsilə insan əməyinin azalması olacaq. Belə bir şəraitdə işsizliklə mübarizə yollarından biri də məhz iş saatının azaldılmasıdır. Bu isə rəqəmsallaşma prosesinin nə qədər sürətlə getməsindən asılı olacaq. Nəticədə hökumətlər orta-uzun müddətli dövrdə məcburən iş saatını azaltmaqla, daha çox insanın işə götürülməsilə bağlı süni əmək bazarının yaradılmasını ortaya qoymaq məcburiyyətində qalacaqalar. Bu halda 4-6 saatlı iş rejimləri məsələsi də ciddi şəkildə müzakirə olunacaq”.
Rüfət Sultan, BakuPost