Bəzən bu və ya digər ölkə müxtəlif səbəblərdən əvvəllər rəsmi hesab edilən bayramları təqvimdən çıxarırlar.
Bu istiqamətdə növbəti addım Slovakiya tərəfindən atılıb. Məlumata görə, bu ölkə hökuməti iki rəsmi bayramı təqvimdən çıxarmaq barədə qərar verib.
Yeni qərara əsasən, 8 May - Faşizmə qarşı Qələbə Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Günü artıq rəsmi istirahət günü kimi qeyd olunmayacaq.
İddiaya görə, belə bir qərarın verilməsi əmək bazarında məhsuldarlığı artırmaq və dövlət xərclərini azaltmaq məqsədi daşıyır.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətlərinə görə, istirahət günlərinin az və ya çox olmasının ölkə iqtisadiyyatında aktivliyə ciddi bir təsiri yoxdur:
“Azərbaycanda ümumdaxili məhsul və büdcə gəlirlərinin yaranması məsələsinə baxanda ölkəmizdə bayram, istirahət günlərilə iqtisadi aktivlik arasında ciddi bir kordinasiya yoxdur”.
N. Cəfərlinin sözlərinə görə, ölkəmizdə əsas iqtisadi aktivlik enerji sektorunda baş verir:
“Burada isə fəaliyyət növbəli iş sistemilə bağlı olduğundan onun iş rejiminin bayram günlərinə heç bir aydiyyatı yoxdur. Neft və qaz çıxarılması bir gün, bir saat belə dayanmır. Özəl sektor isə qərar verməkdə tam sərbəstdir. Kafelər, restoranlar, istirahət, turizm mərkəzləri bayram günlərində də çalışır”.
Ekspertin fikrincə, Slovakiya təcrübəsindən istifadə bir tərəfdən yaxşı olsa da, digər tərəfdən pisdir:
“Ona görə pisdir ki, Azərbaycanda dövlətə məxsus enerji sektoru dominant olduğundan il ərzində nə qədər bayram günləri olursa-olsun, onun iqtisadi aktivliyə təsirini görmürük”.
Milli Məclisin deputatı Vüqar Bayramov da məhsuldarlıq aspektindən yanaşmaqla bayramların sayının azaldılmasını məqsədəuyğun hesab etmədi. Bu səbəbdən deputat Slovakiya praktikasının Azərbaycan üçün də uyğun olduğunu düşünmür:
“Bayram və qeyri iş günlərinin müəyyənləşdirilməsi birbaşa dövlətin tarixi, dini və digər faktorlarla bağlıdır. Eyni zamanda, son illər təqvimə yeni bayram və qeyri-iş günlərinin əlavə edildiyini də müşahidə edirik. Məhsuldarlıq baxımdan məsələyə yanaşma doğru deyil. Fərqli səbəblərdən bayramların sayı azala və ya arta bilər. Amma bu heç də məhsuldarlığın artırılması səbəbindən olmamalıdır. Sözsüz ki, gələcəkdə ölkənin inkişaf strategiyası və tarixi qiymətləndirmədən asılı olaraq, bayramların sayında dəyişiklik ola bilər. Amma bunun məhsuldarlığa bağlanılması məqsədəuyğun deyil”.
Rüfət Sultan, BakuPost