Ru
16:45 / 28 Noyabr 2026

Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək?

Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək?
Eye

Badamdar ərazisində baş verən sürüşmə ilə əlaqədar sakinlərin köçürülməsi davam edir. Ərazidən təxliyə olunan vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği isə müzakirə mövzusudur.


"Bakupost" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Modern.az-a açıqlamasında hazırda kompensasiya ilə bağlı konkret məbləğ açıqlamaq mümkün olmadığını deyib.

Çünki hər bir əmlak fərdi qaydada qiymətləndirilməlidir.

Onun sözlərinə görə, kompensasiyanın məbləği əmlakın xüsusiyyətlərindən, yerləşdiyi ərazidən, torpaq sahəsinin ölçüsündən, tikilinin vəziyyətindən və bazar dəyərindən asılı olaraq müəyyənləşdirilməlidir. Ekspert vurğulayıb ki, müvəqqəti təxliyə ilə əmlakın dövlət tərəfindən satın alınması hüquqi baxımdan fərqli prosedurlardır.

Kompensasiya hesablanarkən yalnız evin tikinti sahəsi və ya kvadratmetr üzrə şərti qiymət əsas götürülməməlidir. Badamdarın Bakı əmlak bazarında yüksək qiymətə malik ərazilərdən biri olduğunu xatırladan ekspert bildirib ki, sürüşmə hadisəsi bu ərazidə illər ərzində formalaşmış əmlak dəyərlərinə də təsir göstərə bilər.

Torpaq sahəsinin dəyəri, evin yerləşməsi, infrastruktura yaxınlığı və digər bazar amilləri qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Bu səbəbdən hər bir əmlak müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən fərdi qaydada dəyərləndirilməli, real bazar məlumatlarından istifadə olunmalıdır.

Ekspert hesab edir ki, sakinlərə təklif edilən kompensasiya məbləği şəffaf metodologiya əsasında hesablanmalı, qiymətləndirməni aparan şəxslərin obyektivliyi təmin edilməlidir. Köçürülən ailələrin sonrakı yaşayış şəraiti də nəzərə alınmalıdır. Onun sözlərinə görə, dövlət tərəfindən yalnız əmlakın dəyərinin ödənilməsi deyil, zərurət yarandıqda müvəqqəti yaşayış, kirayə və daşınma xərclərinin qarşılanması mexanizmləri də nəzərdən keçirilməlidir.

Badamdar ərazisi üzrə vahid və şəffaf kompensasiya mexanizminin hazırlanmasını məqsədəuyğun hesab edir. O bildirib ki, sakinlərə qiymətləndirmə hesabatları təqdim olunmalı, razılaşmadıqları təqdirdə müstəqil təkrar qiymətləndirmə və hüquqi müdafiə imkanları yaradılmalıdır.

Ekspertin fikrincə, sürüşmə təhlükəsi insanların iradəsindən asılı olmayan fövqəladə vəziyyət olduğundan, kompensasiya vətəndaşların maddi itkilərini qarşılamağa və əvvəlki yaşayış səviyyələrini qorumağa imkan verən real, ədalətli bazar dəyəri əsasında müəyyənləşdirilməlidir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar