Ru
10:40 / 06 Oktyabr 2026

Bir əsr əvvəl Nargindən qaçan türk pilot - Bu gün Azərbaycan səmasında

Bir əsr əvvəl Nargindən qaçan türk pilot -  Bu gün Azərbaycan səmasında
Eye

Türkiyənin “Turkish Aerospace” şirkəti tərəfindən Azərbaycan üçün istehsal edilən yeni nəsil təlim təyyarəsi HÜRKUŞ-2 ilk dəfə ADEX 2026 sərgisində nümayiş olunur. Türkiyə Azərbaycan üçün ümumilikdə 14 ədəd HÜRKUŞ-2 təyyarəsi istehsal edəcək.

Bu, heç də təsadüfi deyil.

Təyyarəyə verilən HÜRKUŞ adı türk aviasiya tarixinin ən parlaq simalarından biri – Vecihi Hürkuşun adını yaşadır.

Birinci Dünya müharibəsi illərində pilot lisenziyası alan Vecihi bəy 7-ci Təyyarə Bölüyünün tərkibində Rusiya cəbhəsində döyüşlərdə iştirak etmiş, kəşfiyyat və bombardman uçuşları həyata keçirmişdir. Hava döyüşlərinin birində rus təyyarəsini vuraraq düşmən təyyarəsini vuran ilk türk təyyarəçisi kimi tarixə düşmüşdür.

Lakin onun taleyində Azərbaycanla bağlı xüsusi maraq doğuran bir səhifə də var.
Ruslara əsir düşən Vecihi Hürkuş Xəzər dənizindəki Nargin adasından – indiki Böyük Zirədən qaçaraq İran üzərindən Türkiyəyə qayıtmağa nail olmuş, 1918-ci ilin yayında Yeşilköydə yerləşən 9-cu Hərbi Təyyarə Bölüyündə xidmətə başlamışdır. Burada hazırladığı qırıcı təyyarə layihəsi isə Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır.

Tarixin görünməyən izi

Nargin hadisəsi Azərbaycan–Türkiyə münasibətlərinin tarixi baxımdan araşdırılmağa layiq səhifələrindən biridir.
Məlumdur ki, həmin dövrdə Hacı Zeynalabdin Tağıyev, Kərbəlayı İsrafil Hacıyev və digər azərbaycanlı milli xadimlər Osmanlı türklərinə müxtəlif formalarda yardım göstərmiş, onların ağır şəraitdən xilas edilməsində mühüm rol oynamışlar.
Vecihi Hürkuşun Nargindən qaçışında da Azərbaycanlıların hər hansı yardımının olub-olmaması ayrıca araşdırma tələb edən məsələdir.

Bu barədə qəti fikir söyləmək üçün arxiv sənədləri ilə təsdiqlənmiş faktlara ehtiyac var.

Amma sənədlə sübut ediləcək konkret bir epizoddan daha böyük bir həqiqət var: Azərbaycan və Türkiyə xalqlarını birləşdirən qardaşlıq yaddaşı tarix boyu dəfələrlə sınaqlardan keçib.

Bu gün həmin yaddaşın qarşısında maraqlı bir mənzərə yaranır.

Bir əsr əvvəl Vecihi Hürkuş Narginin sularından azadlığa doğru üzürdü. Bu gün isə onun adını daşıyan HÜRKUŞ-2 Azərbaycanın səmasında uçacaq.

Bu, sadəcə bir adın tarixdən gələcəyə daşınması deyil.

Narginin sahillərindən Azərbaycanın səmasına uzanan HÜRKUŞ hekayəsi iki qardaş xalqın yaddaşını, mübarizəsini və gələcəyə birlikdə uçmaq iradəsini özündə birləşdirir.

Bir zamanlar Vecihi Hürkuş azadlığa doğru üzürdü.

Bu gün HÜRKUŞ Azərbaycanın səmasında uçur.

Tarixin ən gözəl cavablarından biri də budur.

Yəhya Babanlı,
Tarixçi-alim

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar