Son günlər marketlərdə məhsulların rəfdə göstərilən qiyməti ilə kassada hesablanan məbləğin fərqli olması ilə bağlı şikayətlər artıb.
"Bakupost" xəbər verir ki, sosial şəbəkələrdə xüsusilə “Bravo” marketlərində bu halla bağlı müxtəlif görüntülər paylaşılır. Vətəndaşlar "Bravo"nu saxtakarlıqda ittiham edirlər.
Məsələ ilə bağlı
"Bakupost" Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçı hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olduğunu bildirdi.
Onun sözlərinə görə, birliyə daxil olan şikayətlərin ümumiləşdirilməsi nəticəsində Azərbaycan istehlakçılarının bir il ərzində almadıqları mallar üçün 500 milyon manat ödədiyi məlum olub:
“Bu sahədə ictimai nəzarət azdır. İstehlakçılar necə davranmalı olduqlarını bilmirlər. Təəssüf ki, istehlakçı hüquqlarını qoruyan təşkilatın (Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi-red) insanlarla kommunikasiya imkanları çox zəifdir. Onların e-mail ünvanını tapmaq, faktları ora göndərmək və s. çətindir. Bu qurum vatsap üzərindən mükəmməl platforma yaratmalıdırlar ki, istehlakçılar onlarla rahat əlaqə saxlaya bilsinlər.Bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada marketlərdə istehlakçı guşələri var. Əgər istehlakçını aldatmaq istəmirlərsə, buyursunlar, istehlakçı guşəsi yaratsınlar. Orada dövlət orqanının, Azad İstehlakçılar Birliyinin telefon nömrəsi və şikayət dəftəri yerləşdirilsin. Bunların hamısı ölkədəki istehlakçı problemləridir”.
Birlik sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsinin vacib olduğunu vurğulayıb.
“1995-ci ildə qəbul olunmuş köhnəlmiş qanunun yenilənməsi barədə 30 ildə ilk dəfə bu həftə deputat Əli Məsimli danışıb. Milli Məclisdə 20-yə qədər hüquqşünas var. Bu məsələ onların da dilindən səslənməlidir. Mən istehlakçı təşkilatının sədri olaraq Milli Məclisdə, Ombudsmanda, İqtisadiyyat Nazirliyində dəfələrlə bu qanunun yenilənməsini, ölkədə mükəmməl istehlakçı siyasətinin formalaşmasını təklif etmişəm. Lakin qulaqardına vurublar.
İqtisadçılar ancaq biznesin inkişafından danışırlar. Hüquqşünaslar da onlara dəstək verirlər. Ancaq biznes inkişafından, yəni istehlakçını aldadan mexanizmi gücləndirməkdən bəhs edirlər”, - deyə o bildirib.
Lalə Novruz, BakuPost