Ru
23:44 / 09 Sentyabr 2019

"Bu gün ürəkdən azərbaycanlı idim" - Nikola Yurçeviç

11009

“Futbolçularımın performansından çox razıyam, onlarla qürur duyuram”.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə deyib.

Xorvatiyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində həmyerliləri ilə 1:1 hesablı heç-heçəni şərh edib.


Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında N. Yurçeviç dünyanın vitse-çempionu olan Xorvatiyaya qarşı oynadıqlarını xatırladıb: "Hansı ki, heyətində klas oyunçular var idi. Azarkeşlərimizi təbrik edirəm. Onların ikinci hissədəki dəstəyi inanılmaz idi. Xorvatiya mənim ölkəmdir, bunun həmişə qürurunu yaşamışam. Amma bu gün ürəkdən azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi maçtlarda yaxşı oyun sərgiləsək də, hesab baxımından üzümüz gülmürdü. Bu dəfə sevindirici nəticə oldu”.

- Dediniz ki, indiyə qədər nəticə baxımından axsayırdıq. Düşünmürsünüz ki, bu, əvvəlki matçlarda heyətin düzgün qurulmamasından qaynaqlanırdı?



- Çətin sualdır. Başqa oyunçularla daha yaxşı nəticə əldə etmək olardımı? Bu suala cavab vermək çətindir. Hər kəs öz fikrini bildirir. Çalışıram ki, oyunun analizini edim. Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etmişdik. Bunun səbəblərindən biri fiziki cəhətdən olan axsamalar idi. Bu, ən böyük əskikliyimiz idi. İki yolumuz var: ya nəyin bahasına olursa-olsun xal qazanmaq, ya da xalla yanaşı, gənc oyunçular da qazanmaq. Şeydayev, Buludov, Dadaşov gələcəkdə komandanın özəyini təşkil edəcəklər.


- Rəqibin baş məşqçisi yığmamızın heyətində Emil Balayevi fərqləndirdi. Sizcə, komandamızın ən yaxşısı kim idi?



- Balayevin etdikləri brilyant idi, mükəmməl idi. Çox yaxşı çıxış etdi. Xüsusən də, ilk 15-20 dəqiqədəki hərəkətləri yaddaqalan oldu. Xorvatlar oyuna sürətli başlamışdılar. Həmin dəqiqələrdə o, köməyimizə çatdı.



- Xorvatiya və Uelsdə yaxşı oyun, bu gün isə ilk xal… Növbəti hədəf nədir?


- Favoritlərə qarşı oynayırıq. Bütün rəqiblər bizə qarşı favoritdir. Belədə meydanda hamı əla çıxış etməli, bir nəfər isə xüsusi iş görməlidir. Bu gün bunu qapıçımız etdi.


- Riçard Almeyda zədəli olmasaydı, bu gün Emin Mahmudovu meydanda görə biləcəkdikmi?


- Mən bütün tənqidlərə açığam. Emin yaxşı oyunçudur, topla oynamağı bacarır. Amma balansı da düşünməliyik. Rəqibin nəyə qadir olduğunu da nəzərə almaq lazımdır. Təkcə hücumu yox, müdafiəni də fikirləşmək lazımdır. Emini pleymeyker kimi görürəm. Amma belə oyunlarda bizim topla çox oynamaq imkanımız olmur. Xorvatiyanın uzun boylu oyunçuları standart vəziyyətlər zamanı qapımız qarşısına gəlirdi. Bunu da düşünmək lazımdır.



- Milli həmişə qeyri-stabil oyun sərgiləyib. Seçmə mərhələ boyu stabil oynamaq üçün bu futbolçular yetərlidimi?



- Sualın cavabını hələ bilmirəm. Baş verənləri əvvəlcə həzm etməliyəm. Bizim planımız da odur ki, oyunçularımız ağılla oynasınlar, təkcə ürəklə yox. Hər ikisini qısa zamanda birləşdirmək mümkün olan şey deyil. Əvvəlki matçlarda Rahilin də bəzi alınmayan oyunu, Antonun kiçik səhvləri olurdu. Mediada gedən tənqidi fikirlər də yadımdadır. Bəhlul da yaxşıdır. Amma top-səviyyəli komandalara qarşı yüksək səviyyədə oynamaq çətindir. Belədə səndən yüksək temp tələb olunur. Gənclərə dəstək olmaq lazımdır ki, onları yığma üçün qazandıraq. Yeri gəlmişkən, Renata ötən oyunda şans verəndə bəziləri bunu anlayışla qarşılamadılar. Amma bir müddətdən sonra “Vulverhempton” onun arxasınca düşdü. Hər halda, qabında nəsə var ki, onu transfer ediblər. Oyunçulara şans vermək lazımdır ki, nəsə etmək mümkün olsun.


- İkinci dəfə xorvatiyalı məşqçi ilə Xorvatiya yığmasını büdrətdik. Düşünmürsünüz ki, bu amil xal qazanmağımızda mühüm rol oynadı?


- Bəlkə də, səbəblərdən biridir. Xorvatiyanın mentalitetini bilən bir adam kimi, oyunçuların daxilini bilmək mənim üçün üstünlükdür. Slovakiya və Macarıstanla oyuna da mümkün qədər yaxşı hazırlaşmışdıq. Xüsusən də, Macarıstanın standart vəziyyətlərinə hazırlaşmışdıq. Bütün bunları analiz etməyə çox vaxt lazım olur. Slovakiya ilə görüşdə ikinci qoldan sonra geridönüş etmək çətindir. 1 qolu sığortalamaq olur ki, bunun bu gün şahidi olduq. Hətta hesabda önə keçmək imkanımız da oldu. Oyunda bir səhv həlledici olur və sonda nəsə deməyə söz tapa bilmirsən.

Şərhlər
  • Ürsgdhd

    Üt3ye

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər