Dilənçiliklə mübarizədə yalnız cərimə və inzibati həbs tədbirləri ilə nəticə əldə etmək mümkün deyil.
Bu fikri
Bakupost.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişiklikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, problemin kökü sosial səbəblərlə bağlıdır və bu amil nəzərə alınmadan aparılan mübarizə effektiv ola bilməz:
“Dilənçiliklə mübarizədə real nəticə əldə etmək üçün təkcə inzibati tədbirlər kifayət deyil. Bu sosial bəlanı doğuran səbəblər araşdırılmalı, sosial mühit gücləndirilməlidir. Dilənçiliklə məşğul olan şəxslər sosial yardım və məşğulluq proqramlarına cəlb edilməlidir. Düzdür, bu həyat tərzinə öyrəşmiş bəzi insanlar yenə də bundan əl çəkməyəcək. Amma hər halda sosial proqramlar inzibati cəzalardan daha səmərəli ola bilər”.
Hüquqşünas hesab edir ki, inzibati məsuliyyət mexanizmi əvvəl də mövcud olub və yeni dəyişikliklər problemin mahiyyətini kökündən həll etməyəcək:
“İndiyə qədər də İnzibati Xətalar Məcəlləsində dilənçiliklə bağlı məsuliyyət nəzərdə tutulurdu. İndi isə bu məsələ ayrıca maddə kimi təqdim olunur və sanksiyalar bir qədər sərtləşdirilir. Bu, ilk baxışdan məntiqli görünsə də, effektivliyi sual altındadır”.
O, oxşar təcrübəyə də diqqət çəkib:
“Vaxtilə ictimai yerlərdə siqaret çəkilməsinə qarşı da sərt tədbirlər tətbiq edildi, cərimələr müəyyənləşdirildi, reydlər keçirildi. Amma bu sahədə ciddi dəyişiklik baş vermədi. Dilənçiliklə mübarizədə də eyni ssenarinin təkrarlanması mümkündür”.
Q.Əlibəyli əlavə edib ki, dilənçilik bəziləri üçün artıq “peşə” xarakteri daşıyır:
“Bu fəaliyyətə alışmış şəxslər istənilən halda müxtəlif yollarla yenə də dilənçilik edəcəklər. Digər tərəfdən, elə insanlar var ki, ağır sosial vəziyyət onları buna məcbur edir. Ona görə də yanaşma kompleks olmalıdır”.
Qeyd edək ki, Milli Məclisdə müzakirə olunan dəyişikliklərə əsasən, dilənçiliklə məşğul olan şəxslərə əvvəlcə xəbərdarlıq ediləcək və ya 100-200 manat məbləğində cərimə tətbiq olunacaq. Bu tədbirlər kifayət etmədikdə isə 10 günədək inzibati həbs nəzərdə tutulur.
Yetkinlik yaşına çatmayanların dilənçiliyə cəlb edilməsinə görə isə 200-500 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq oluna bilər.
Rüfət Sultan, BakuPost