Ru
17:26 / 21 Noyabr 2025

Daha bir mədəniyyət işçisindən nazirliyə sərt ittihamlar – “Çox sağol belə demədilər”

Daha bir mədəniyyət işçisindən nazirliyə sərt ittihamlar – “Çox sağol belə demədilər”
Eye

Son günlər Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallar bitmir. Ölkədə tanınmış müğənnilər, rejissorlar, mədəniyyət xadimləri nazirliklə bağlı ciddi ittihamlar səsləndirir.

Bakupost.az xəbər verir ki, son şikayət tanınmış rejissor Cəlaləddin Qasımovdan gəlib. Kinorejissor sosial şəbəkədə bunun bağlı paylaşım edib.

“Mədəniyyət Nazirliyi və ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) tərəfindən təşkil edilmiş müsabiqələrdə indiyə qədər belə saxtakarlıq olmamışdı. “Pitching”də bəyənilən ssenarilər yox, irad tutulan mənasız ssenarilərin çoxu qalib elan olundu. “Pitching”də juri üzvlərinin rəyinə baxmadan, Orxan Sadıqovun (Orxan Fikrətoğlu nəzərdə tutulur – C.) sifarişi ilə qərar verdilər. Bu qədər də saxtakarlıq olmaz. “Pitching” zamanı müsabiqədə deyilən iradları şəxsən mən eşitdim. Keçirilən tədbirin videoçəkilişini yenidən izləyib həqiqətləri üzə çıxarmaq olar”.

Rejissor bildirib ki, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bu ilki müsabiqə üçün 50-dən çox sənəd tələb ediblər: “Tək filmin büdcə layihəsinə 40 səhifəlik sənəd istədilər. Təkrar-təkrar sənədlər toplatdırdılar. Amma sonunda 220-dan çox mükafat almış rejissorun layihəsi ARKA tərəfindən qəbul edilmədi. Çox təəssüf ki, sonda öz adamlarının təqdim etdiyi böyük büdcə tələb edən layihələrini qəbul etdilər. 2024-2025-ci ildə Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil edilmiş müsabiqə ilə bağlı müvafiq yoxlamalar aparılsa, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin bütün dünyada geniş tanıdılması yolunda uğurlara nail olarıq”.

Cəlaləddin Qasımov bildirib ki, beş bədii filmin ssenarisini Mədəniyyət Nazirliyinə müsabiqəyə göndərib. “Heç birinin ssenarisini bəyənmədilər. Bu filmləri çəkmək üçün banklardan kredit götürdük. Nazirliyin qəbul etmədiyi filmlər Beynəlxalq Festivallarda mükafatlar qazandı. ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomezin imzaladığı sertifikata layiq görüldüm. Amma Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bir təşəkkür belə eşitmədim”.



Bakupost.az əməkdaşı münasibət öyrənmək üçün rejissorun iddialarda adı keçən 2023-25-ci illərdə ARKA baş direktorunun vəzifəsini icra edən, hazırda mədəniyyət nazirinin müşaviri olan Orxan Fikrətoğlu ilə əlaqə saxladı. İlk zəngimizdə “indi iclasdayam, bir saat sonra əlaqə saxlayın”, – deyən müşavir sonrakı telefonumuza cavab vermədi.

Bakupost.az qarşı tərəfin fikirlərini dərc etməyə hazırdır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar