Ru
19:57 / 25 Oktyabr 2020

Dayanma, qardaşım, dayanma - Tanınmış həkimdən ƏSGƏRƏ MƏKTUB

6393
Ta bineyi-qədimdən əsgər gedənlərə məktub yollardılar. Mən də bu ənənəni yaşatmaq , ortaya atılmış atəşkəs təkliflərindən yaranan narahat qayğıları bölüşmək üçün sənə məktub yazmaq, sənə və çiyin-çiyinə mübarizə apardığın döyüş yoldaşlarına bu tamam olmamış həftədə öz rəşadətli mübarizənizlə ölkəmizi, regionu və dünyanı necə dəyişdirdiyinizi demək, atəşi bir an belə kəsmədən irəli və ancaq irəli getməyin nə qədər vacib olduğunu xatırlatmaq istəyirəm.

Əsgər qardaş, deyiləsi çox mətləblər var. Sən döyüşdükcə həyatımız, insanlarımız dəyişir. Sən döyüş meydanında olduğu kimi, ictimai həyatımızda, mədəniyyətimizdə , məişətimizdə, regionumuzda və dünyamızda möhtəşəm dəyişikliklərə müəlliflik etməkdəsən.

Yeniləşmiş insanlığımızdan verəcəyim bir neçə örnək bizim biz olmağımız üçün qalibiyyət yaşamağımızın nə qədər həyati olduğunu göstərir. Yeni doğulmuş Azərbaycan vətəndaşı artıq ordusu ilə, mərd oğulları, qızları ilə öyünən, başını dik tuta bilən, ayağını torpaqlarımıza möhkəm basa bilən vətəndaşdır. Yaxşı bilirsən ki, toplumun özünü tanıması öz gücünə inamında, özünə inamın yolu isə yalnız və yalnız qələbələrdən keçir. Və sənin bu gün torpaqlarımızın hər qarışı uğurunda apardığın qanlı mübarizə arxa cəbhədə bizim vətəndaş mövqeyimizin güclənməsinə, insanlıq hisslərimizin oyanmasına, qarşılıqlı sevgimizin doğulmasına birbaşa təkan verir.
Yəqin yadındadır, ordudan yayınmaq istəyən gənclərimiz, övladını "neqodnı" etmək üçün əlindən gələni edən valideynlər. Amma indi başqa ab-havadır hər kəs cəbhəyə getmək istəyir, valideynlər övladlarının döyüşə getməsi ilə fəxr edirlər. Hələ sənə ondan deyim ki, iki gün əvvəl rayonlarımızın birində orduya getmək üçün hərbi komissarlığa müraciət edən iki qardaşdan yalnız birinin orduya götürüləcəyi məlum olduqda qardaşlar arasında birinci kim getsin davası düşüb.

Başqa bir örnək, apteklərdən şikayət edərdik, "baha satır", "firma dərmanı" verir və s. deyərdik. Beş gün öncə, elə sən düşməni sillələməyə başlayan kimi bölgələrin birində sahibkarımız aptekinin açarını yaxındakı xəstəxananın baş həkiminə verərək deyib ki, "artıq sizindir, yaralılarımıza qurban..."

Televiziyalarımızdan aldığımız məlumatda deyilir ki, bir neçə vətəndaş cəbhəyə faydalı olacaq yolsuzluq avtomobillərini orduya verib və dəyəcək zərərə görə heç nə istəməyib.

Razılaşarsan ki, bir nəfər o birinin maşınına toxunanda yol polisi gəlməmiş əlbəyaxa olardı həmvətənlərimiz? İndi gör nə olub, sən döyüşə gedəndən maşını vurulan adam düşüb vurana deyir ki, “canın sağ olsun, qardaş, əsgərlərimiz orda canını qoyur. İndi bir dəmir parçası üstündə bir-birimizın kefini, ordumuzun yaratdığı hücum sevincini pozmayaq".

Dövlətimiz, hökumətimiz bütün resurslarla sənin yanında olsa da, insanlarımız sənə bir isti corab, bir qalın papaq göndərmək, kiçicik belə olsa dəstək vermək üçün əllərindən gələni edirlər. Kimi maddi yardım edir, kimi işində fədakarlıq edir, kimi qələminə, kimi klaviaturasına sarılıb, kimi çıxışlar edir, kimi məktublar yazır, kimi çörək bişirir, silah düzəldir, digəri isə gecə-gündüz tələbatımız artan üçrəngli bayrağımızı tikməklə məşğuldur.
Bir sözlə, hər kəs faydalı olmağa, içindəki vətən sevgisini praktik olaraq ortaya qoymağa çalışır. Radio və televiziyalarımız əsl vətənpərvərlik ruporuna çevrilib. Bəzi Türkiyə kanalları durmadan sənin, ordumuzun uğurlarını müzakirə edir. Sənin sayəndə qardaşlarımız da torpaqlarımızı və bizi dərdlərimiz və sevincimizlə birgə tanıdılar. “Azəri” kəlməsi də sənin hücumunla arxivə getdi, qardaşlarımız bizə birmənalı olaraq "Azərbaycan türkləri" deyə xitab etdilər artıq.

Dayanma, qardaş, dayanma! Sən döyüşə başlayandan ruhumuz da yüksəlib. Biz indi ayıq-sayıq davranırıq, səhər yuxudan oyanarkən ilk səni soruşuruq, sənin uğurlarını arayırıq, axşam yuxuya gedərkən də cəbhədən, səndən ən son məlumatları bilib yatırıq. Yəni günümüz vətənlə başlayır, vətənlə bitir.

Sabahlar ilk eşitdiyimiz cəngi, uvertüra, milli marş, vətən sevgisi aşılayan, ruhumuzu yüksəldən, əzmimizi artıran musiqi sədalarının müşayiəti ilə bayraqlı küçələrlə gedərək işimizə, günümüzə başlayırıq. Yəni biz hamılıqla vətənpərvər olmuşuq. Həm də sən bizə fəxr etmə hissini qaytardın və deyim ki, bunu yaşamaq çox möhtəşəmdir.

Elə bil, sən bu günlər üçün doğulduğun kimi, o mahnılar da bu günə yazılıbmış, biz yetişməmiş, kal-kal dinləyirmişik deyə dadın hiss etmirmişik.

Əlbəttə, razıyam səninlə “dağlar qoynunda daha yaxşı eşidilir” deyirsən, yəqin . Hələ Ozan Arifin müxtəlif interpretasiyalarda səslənən "Ya Qarabağ, ya ölüm" şeirinə yazılmış mahnılar, replər, hələ o mahnıdakı "atəşkəsi münasib bir yerinə sox artıq", - deyə, fəaliyyətsiz beynəlxalq təşkilatlara edilən tənə və hayqırılan mübariz ruh bu günə deyil nə zamana yazılıbmış, qardaşım?

Sayəndə yaşadığımız gözəlliklərdən yalnız bir neçə epizodu bölüşdüm səninlə, indi gəl sənə dünyadan deyim.

Əsgər qardaş, sən dünya siyasi müstəvisini çalxaladın, sən öz şücaətlərinlə qurulacaq yeni dünya düzəninə memarlıq edirsən bu gün, bu yeni düzən türk elementləri ilə zəngin olacaq artıq.
Əsgər qardaş, amma uğurlarından yaman xəsisliklə xəbər verirsən. Ailə, uşaq televizorun önündə qalıb. Bir vaxtlar deyirdilər ki, Braziliya komandası futbol oynayanda kişilər radio qulağında qışqıra-qışqıra ağlayır, qadınlar hər top vurulanda saçlarını yolurmuşlar. Əsgər qardaş, sən cəmi beş gündə bundan da üstün bir tərəfdar dəstəyi qazanmısan. Komanda demişkən, sən öz nizam-intizamınla, komandirlərin verdiyi əmrləri düzgün yerinə yetirərək düşmənə vurduğun sərrast zərbələrinlə təkbaşına oyunlara meylli olan bizlərə komandanın və komanda oyununun nə olduğunu göstərdin.
Bax "Qarabag" klubu da dünən Avropada 3-0 qələbə çaldı. Əsgər qardaş, zəfərlərinlə zəfərlərə yol açırsan sən! Hə, qayıdaq dünyada bizlə bağlı olanlara.

Türkiyə qardaşlığını, Pakistan dostluğunu bir daha təsdiq etdi. Deyir, dərdlilər dərddən anlar. Ukrayna və Gürcüstan bizə yaxın münasibətini göstərdi, Macarıstan, Bosniya-Hersoqovina tərəfimizdə olduğunu açıqca bildirdi. Amerika özünü seçkiyə başı qarışıbmış kimi aparsa da, sənin uğurlarını izləməkdədir, Tramp deyir ki, oralarda yaxınları var, onlarla prosesə təsir edəcəyik, amma dedi və COVİD-19-a yoluxdu, Allah şəfasını versin, yaşlı adamdır, sağalsın, görək nə olur.
Yəqin "Rusiya nə edir" deyə soruşmaq istəyirsən. Rusiyanın bilirsən ki, işi od ilə güllə ilədir. Həmişə bulanıq suda balıq ovuna çıxan bu dövlət çar siyasətindən qurtula bilmir ki bilmir. Əvvəllər bir güllə ilə üç quş vurardısa, bu gün bir az da tamahlanaraq dörd quş hədəfləyib. Ermənilərə birinci Qarabağ müharibəsini udmağa bilavasitə kömək edən, insanlarımıza qarşı vəhşiliklər edilməsinə yardım edən və bugünkü Ermənistan ordusunu quraraq silahlandıran şimal qonşumuz hələ heç bir mövqe ortaya qoymamağı ilə bir yandan bizim incimiş könlümüzü almaqla bizi tam itirməməyə çalışır, bir yandan özünü Türkiyəyə səbrli davranırmış kimi göstərərək orta Şərq bazarlığında qabağa düşmək istəyir, digər yandan Paşinyanını kötəkləyərək ona unutmayacağı bir dərs hazırlayır, bir yandan da döyüşlər davam etdikcə tərəflərin silah ehtiyacı artacaq deyə bazarını bazar etmək istəyir.

Cənub qonşumuzun - İranın işi lap “çətindir”, deyir “yuxarı bığ, aşağı saqqal”. İran demişkən, bildin də, sənin şanlı döyüşlərin Təbrizdəki soydaşlarımızı da ayağa qaldırdı. Sən xariqəsən, əsgər qardaş, sənin gücündə bir strategiya var. Bizi bütün arzularımıza qovuşduracaq şərəfli bir strategiya.

Hələlik özünü tam yaramaz aparan Fransa və onun başındakı Makron var. Ermənilərə olan borcu, islam və türk dünyasından qorxusu bu adamı siyasətdən uzaq bəyanatlar verməyə təhrik edir. Makron məntiqsizliyini elə məntiqsiz şəkildə izah etməyə çalışsa da, ağsaqqal Nazarbayevin ortaya qoyası heç nəyi olmadı. Ağsaqqal "Nobel"ə namizəddir, nədirsə, elə bil, mükafatı əldən verməmək üçün qəribə ifadələr işlədib. Guya ki, o iki dostunun müharibə etməsindən narahatmış. Dostlarının ha, bildin də, ay məzən olsun, ağsaqqal.

Bu tərəflərdən qısaca onu deyim ki, bu Orta Asiya elə həmişəki kimi hələ də ortada qalıb.

Ermənistanla bağlı işləri sən yaxşı bilirsən, əsgər qardaş, bu dığaları yaman əzmisən, çaşdırmısan. Elə etmisən ki, silah-sursatı, dostu, yaralını, bayrağı qoyub qaçırlar. Sənə təzə onu deyəcəyəm ki, bu Paşinyanla birgə bütün ermənilər nöqtəyə nifrət etməyə başlayıblar. Hər şey nöqtənin qarşısına qoyulan nida ilə başladı. Bu nida bir on il də geciksəydi, yəqin biz Qarabağ adını Zəngəzur, Göyçə, İrəvanla bir sırada keçmiş zamanda yada salacaqdıq. Ancaq sayəndə bu sıra da, istiqamət də dəyişdi…

Yaxşı qardaşım, sən döyüş adamısan, vaxtını çox almayım, bir az da səndən danışaq və sağollaşaq.

Deyim ki, sən vətənin ən xoşbəxt övladısan. Adamın lap paxıllığı tutur. Vətəni azad etmək sənin qismətində imiş. Sən nə sovetlərə xidmət edirsən, nə də yad torpaqlarda qan tökürsən. Sən doğma torpaqlarımızda doğma yurdumuzun azad olunması uğrunda döyüşürsən.
Şuşaya ilk qədəm basan sən olacaqsan, Xarı bülbül ilk sənin gəlişindən həyəcanlanacaq, İsa bulağı da məhz səni gözləyir. Hələ bu harasıdır, Xankəndinə də bayrağımızı sən dalğalandıracaqsan və sonra Azadlıq meydanında düzənlənəcək qələbə paradından şəstlə keçəcəksən. Çünki sən buna layiqsən, qardaşım, dayanma lütfən.

Sən düşmən tapdağı altında inləyən torpaqlarımızı öz doğma qədəmlərinlə sevindirdin, sən əzizlərimizin dağıdılmış baş daşları altından boylanan ruhlarının səni gözləyən, sənə uzanan əllərini ilk tutmağı, o ruhları sevindirməyi bacardın. Sən sənə qədər şəhid olmuş həmvətənlərimizin qanını aldın, şəhidlərimizin ruhu sevindi, nəhayət ki, rahat uyuyacaq qardaşlarımız... Sən vətəni yenidən yaratdın, sən millətinin adını millətlər, dövlətinin adını dövlətlər sırasında daha da yüksəklərə qaldıran bir qəhrəmansan. Sənin anan, sənin övladın, sənin bacıların, qardaşların - biz hamımız səninlə fəxr edirik, əsgər qardaş!
Dayanma, əsgər qardaş, dayanma! Bu mənasız atəşkəs çağırışları fonunda yaxşı bildiyin və dəyişmək üçün döyüşdüyün qanlı yaddaş statistikasını təkrar sənə xatırladaraq inanıram ki, yeni, bizi sevindirən rəqəmlərlə dolu statistika sənin döyüş uğurlarınla yenidən yazılacaq və bizim fəxarət mənbəyimizə çevriləcək. Düşmən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonumuzu işğal edib, 150000 evimiz dağılıb, minlərlə ictimai bina, xəstəxana, məktəb, uşaq bağçası, tarixi abidə və s. dağıdılıb. On milyardlarla dəyəri olan infrastruktur obyektimiz yerlə-yeksan edilib.

Əsrin faciəsi olan Xocalı qətliamı törədilib.
İyirmi mindən artıq insanımız şəhid olub, əlli minə yaxın insanımızın sağlamlığına zərər dəyib, bir milyon insanımız yurdunu-yuvasını itirərərək qaçqın düşüb, otuz ildir başıaşağı, qəlbiqırıq, həsrət və nisgil dolu bir həyat yaşamaq məcburiyyətində qalmışıq.
Bunları heç unutma!
Dayanma, əsgər qardaş, dayanma!
İndiyədək torpaqlarımızın qaytarılması ilə bağlı ölkə daxilindən və xaricdən, mötəbər sayılan təşkilatlardan çox yol, çox model, çox prinsip irəli sürülüb, ancaq bugün sən sübut etdin ki, torpaqlarımızın azadlığına, ərazilərimizin bütövlüyünə gedən yol sənin biləyinin gücündən, ağlının itiliyindən, ruhunun yüksəkliyindən keçir və yolunun haqq yolu olması səni gündən-günə daha da yenilməz edəcək.

İndi sən psixopat dünya liderlərinin atəşkəs çağırışlarına qulaq asmadan Ali Baş Komandanına, şəhidinin ruhuna, xalqının iniltisinə, torpağının fəryadına dağıdılmış qəbirlərdən sənə əl yelləyən əzizlərimizin ruhuna qulaq asacaqsan və dayanmayacaqsan!

Çünki sən Azərbaycan əsgərisən!

Böyük sayğı və fəxarət hissi ilə, qardaşın, dr. Zülfüqar Yusifov

Bakı, 3 oktyabr 2020-ci il
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər