Ermənistanda Qərbi Azərbaycan mövzusu ətrafında müzakirələr yenidən genişlənib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan üzrə ixtisaslaşmış erməni ekspert, tarix üzrə fəlsəfə doktoru və Ermənistan parlamentinin keçmiş deputatı Tatev Hayrapetyan məsələ ilə bağlı geniş açıqlama yayıb.
Hayrapetyan Qərbi Azərbaycanla bağlı ritorikanı Ermənistan üçün “milli təhlükəsizlik təhdidi” adlandırıb.
Əvvəl də qeyd etdiyimiz kimi, Tatev Hayrapetyan uzun illər Azərbaycan məsələləri üzrə ixtisaslaşıb. O, Azərbaycan dilini mükəmməl bilir, Azərbaycanla bağlı analitik fəaliyyətlə məşğul olub və elmi işini də 1988–1998-ci illərdə Azərbaycanın daxili siyasi proseslərinə həsr edib. Hayrapetyan 2019–2021-ci illərdə Ermənistan parlamentinin deputatı, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının və AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü olub.
Hayrapetyan xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Azərbaycanla bağlı ritorikanı Ermənistan üçün ciddi çağırış və təhlükə adlandırıb.
Erməni ekspertin sözlərinə görə, diqqətçəkən məqam odur ki, Qarabağ məsələsində əvvəlki siyasəti “sülh” kimi təqdim edən Paşinyan indi Azərbaycanın Ermənistan üçün yeni təhlükə formalaşdırdığını etiraf edir.
Hayrapetyan iddia edib ki, Azərbaycan bu istiqamətdə artıq dörd ildir fəaliyyət göstərir və Ermənistan rəhbərliyi həmin müddətdə bunun qarşısını almaq üçün siyasi, diplomatik və informasiya vasitələrindən istifadə etməyib.
Onun fikrincə, bunun əvəzinə İrəvan yeni birtərəfli güzəştlərə gedib, kilsəyə qarşı kampaniya aparıb, Ermənistanın Müstəqillik Bəyannaməsi ətrafında mübarizəyə başlayıb, erməni kimliyinin və diasporun dayaqlarına qarşı addımlar atıb.
Hayrapetyan bu siyasətin Ermənistanı daha güclü deyil, əksinə, daha həssas vəziyyətə gətirdiyini bildirib.
“Son dörd ildə yorulmadan və faktlara əsaslanaraq söylədiyimi yenə deyirəm: bu, milli təhlükəsizlik təhdididir”, – deyə Hayrapetyan bildirib.
O, məsələnin Ermənistan daxilində siyasi qarşıdurma predmetinə çevrilməməli olduğunu, Qərbi Azərbaycan gündəliyinə konkret siyasi qiymət verilməsinin və onun vaxtında “neytrallaşdırılmasının” vacibliyini iddia edib.
Hayrapetyan sonda Ermənistanın indiki fəaliyyətsizliyinin nəticələrinin gələcək nəsillərin üzərinə düşməməli olduğunu vurğulayıb.