“Ankara bölgədə gərginliyin artmasını diqqətlə izləyir və bütün tərəfləri diplomatik dialoqa çağırır”.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan banqladeşli həmkarı Xəlilur Rəhmanla birgə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, münaqişənin genişlənməsi yalnız regional təhlükəsizlik üçün deyil, həm də qlobal iqtisadi sabitlik üçün ciddi risk yaradır.
“Bu müharibəyə ən qısa zamanda son qoyulmalıdır. Bütün tərəflərin diplomatik masaya qayıtması vacibdir. Türkiyə bu istiqamətdə səylərini gücləndirib”, – deyə o bildirib.
Fidan həmçinin İrandan atıldığı bildirilən və Türkiyə hava məkanına daxil olarkən vurulan raketlə bağlı da danışıb. Onun sözlərinə görə, son günlər ərzində daha bir raket havada zərərsizləşdirilib.
“Milli təhlükəsizliyimizi təhlükə altına qoymayacağıq. Dünən havada daha bir raket zərərsizləşdirildi. Bu ağır hadisə ilə bağlı iranlı həmkarlarımızla birbaşa əlaqə saxlayırıq”, – deyə nazir qeyd edib.
Nazir həmçinin Əl-Əqsa məscidinin ibadət üçün bağlanması qərarını tənqid edib. Onun sözlərinə görə, bu addım bölgədə yeni gərginlik dalğası yarada bilər.
Fidan bildirib ki, Benyamin Netanyahu hökumətinin Livanda Hizbullahla mübarizə bəhanəsi ilə hərbi əməliyyatları genişləndirməsi ilə bağlı da ciddi narahatlıqlar var.
Türkiyənin mövqeyinə toxunan nazir bildirib ki, Ankara regionda baş verən müharibəyə cəlb olunmaq istəmir, lakin ölkə bütün təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirəcək.
“Türkiyə hər cür təxribatlara qarşı çıxacaq. Biz bu ədalətsiz müharibəyə cəlb olunmaq istəmirik. Bununla yanaşı, çəkindirmə imkanlarımız yüksəkdir və gücümüzdən harada və nə vaxt istifadə edəcəyimizi yaxşı bilirik”, – deyə Fidan vurğulayıb.
Nazir əlavə edib ki, bölgədə gərginliyin azaldılması üçün həm İrana qarşı hücumların, həm də İranın regional ölkələrə yönəlmiş hərbi addımlarının dayandırılması vacibdir.