Ru
17:45 / 16 İyun 2026

Dünya Çempionatı: Siyasilərimiz hansı ölkəyə azarkeşlik edirlər?

Dünya Çempionatı: Siyasilərimiz hansı ölkəyə azarkeşlik edirlər?
Eye

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə XXIII Dünya Çempionatına artıq start verilib. Mundialda yarışacaq 48 komandanın artıq yarısı ilk turda qüvvələrini sınayıb. Elə ilk görüşlər yarışların maraqlı keçəcəyini deməyə əsas verir. Belə ki, bir sıra favorit ölkələr zəif komandalara qalib gələ bilməyib. Məsələn, İspaniya kimi nəhəng futbol ölkəsi Kabo-Verdi kimi mundiala ilk dəfə qatılan komanda qarşısında aciz qalaraq, yalnız heç-heçə ilə kifayətlənib.

Azərbaycanda da çempionatı izləyən çoxsaylı tamaşaçılar var. Onların arasında ölkənin siyasi, iqtisadi, sosial-mədəni sferasında yer alan tanınmış simalar da var.

Görəsən, ölkəmizin tanınmış siyasiləri bu çempionatda kimin qalib gələcəyini gözləyirlər?

ReAL Partiyasının sədri Natiq Cəfərli Bakupost.az-a bildirib ki, Türkiyə və Özbəkistan yığmalarına azarkeşlik edir:

“Çempionun kim olacağına gəldikdə, güman ki, Avropa komandalarından biri olacaq. Bundan öncəki çempionatın qalibi Argentina olub. Hər çempionatda qəribə şəkildə yerlər dəyişir. Bu mənada indi çempion olmaq növbəsi Avropanındır. Düzdür, istərdim ki, çempion Türkiyə olsun. Amma reallığı nəzərə alsaq, Fransa, İspaniya və İngiltərə çempion olmağa ən yaxın namizədlərdir”.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Türkiyə və ya Özbəkistanın çempion olmayacağı təqdirdə, digər 46 komandadan kimin mundialın ən yüksək zirvəsinə qalxmasının onun üçün heç bir əhəmiyyət kəsb etmir:

“Artıq dünya futbolunun səviyyəsi bütün ölkələrdə təxminən eynidir. Hətta favorit hesab edilən komandalar belə autsayderlərlə bərabərliyə qalırlar. Heç bir bir çempionatda başlanğıcda bu sayda oyunların heç-heçə başa çatdığı görünməyib. Bu isə o deməkdir ki, cəmiyyətdə idmana, sağlam rəqabətə maraq böyükdür. İki komandaya böyük rəğbətim var ki, onlardan birini də çempion görmək istəyirəm. Bunlar qardaş Türkiyə və qardaş Özbəkistan komandalarıdır. Türkiyə təəssüf ki, ilk oyunda uğursuzluğa məruz qaldı. Amma növbəti oyunlarda onun öz oyununu göstərəcəyini gözləyirəm. Özbəkistana gəldikdə, ilk dəfədir ki, dünya çempionatının əsas mərhələsində iştirak edir. Ona qədər də güclü oyun nümayiş etdiriblər. Bu iki komandadan hər hansı biri çempion olmasa, digərlərdən kimin olmasının artıq mənim üçün əhəmiyyəti yoxdur”.

Azad Vətən Partiyasının(AVP) sədri Akif Nağı arzulayır ki, Türkiyə qalib olsun. Bu olmadıqda isə mundialın qalibi qismində Braziliyanı görür:

“Çempionatın demək olar ki, bütün oyunlarını izləyirəm. Hesabları da özümdə qeyd edirəm. İlk tur gözlənilməz hesabların da olduğunu göstərdi. Maraqlı görüşlər keçirilir. Zəif görünən komandalar belə ciddi müqavimət göstərir. Gözlənilməz nəticələr də var. Onlardan biri də Türkiyənin Avstraliyaya uduzması, İspaniyanın isə Kapo-Verdi ilə heç-heçə etməsidir. Həmişə Türkiyəyə azarkeşlik etmişəm. İndi həmçinin Özbəkistana da azarkeşlik edirəm. Gözləyirik ki, Azərbaycan da bu yarışlarda nə vaxtsa iştirak etsin. Digər komandalardan ənənəvi olaraq Braziliyaya simpatiyam var. Onları dünyanın ən yaxşı komandası hesab edirəm. Düzdür, onlar da hələlik istənilən nəticəni göstərmir. Kimin çempion olacağı barədə hələlik aydın mənzərə yoxdur”.

Milli Məclisin deputatı Aqil Abbas Türkiyə ilə Braziliyanı dəstəkləyir:

“Özbəklərin də yaxşı oyun nümayiş etdirmələrini istərdim. Amma Braziliyanın çempion olmasını istəyirəm. Yəqin ki, Türkiyədə səkkizdə bir finala çıxacaq”.

Milli Məclisin deputatı Asim Mollazadə də çempionatı izləyir:

“Yarışlar təzə başlayıb. İndidən kimin ən güclü olacağını demək hələ tezdir. Ancaq oyunlar çox da maraqlı deyil. Güclü oyun görmürük. Türkiyənin uduzması təəssüf doğurdu”.

Həmsöhbətimiz hesab edir ki, həmişə olduğu kimi, İtaliya, İspaniya, Braziliya və İngiltərədən biri çemion olacaq.
AXP-nin sabiq sədri Pənah Hüseyn isə heç də bütün oyunları izləmir:

“İlk oyunlardan sürpirizlərin şahidi oluruq. Mərakeşlə Braziliyanın oyunu maraqlı keçdi. Türkiyənin oyunlarını izləməyə çalışıram. Amma təəssüf ki, onlar yaxşı başlamadılar. Kimin qalib gələcəyini deyə bilmərəm. İspaniyanın Kapo-Verdi kimi komanda ilə heç-heçə oynaması göstərdi ki, nə desən ola bilər. Amma əvvəlki çempionatlarda da ilk turlarda belə nəticələr olub. Sonradan isə ənənəvi komandalar yenidən öz sözlərini deyirlər. Kimin qalib gəlməsi o qədər də əhəmiyyət kəsb etmir. Amma istərdim ki, Türkiyə uğurlu nəticələrf əldə etsin”.

Deputat Fazil Mustafa Türkiyə ilə Özbəkistanın uğur qazanmalarını istəyir:

“Ümumiyyətlə futbolda pərəstiş etmirəm. Futbol artıq mənim üçün günün yaxşı oynayan komandasından ibarətdir. Daimi yaxşı oynayan komanda anlayışı ilə futbola baxmıram. Estetik zövq almağa çalışıram. Hazırda hansısa komandanın uğuru və yaxud zəifliyindən danışmaq erkəndir. Bir də görürsən, ilk oyunlarda zəif nəticə göstərən komanda sonda mundialın qalibi olur. 1982-ci ildə qrup yarışlarında hər üç oyunu heç-heçə edib, sonda çempion olan İtaliya komandası kimi. Bütün komandaların gözəl oyununa eyni azarkeş məntiqilə baxıram. Türkiyə və Özbəkistanın uğur qazanmasını istəyirəm. Misirin də maraqalı oyun sistemi var”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar