Xəbər verdiyimiz kimi, Əfqanıstanın şimalında güclü zəlzələ baş verib.
Bakupost.az -ın Reuters agentliyinə istinadən xəbərinə görə, zəlzələ nəticəsində 20 nəfər ölüb, 320 nəfər yaralanıb.
Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindən bildirilib.
****
9:17
Ötən gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin ocağının 28 kilometr dərinlikdə, Bəlx vilayətinə bağlı Məzari-Şərif şəhəri yaxınlığındakı Xulam ərazisində yerli vaxtla 20:28-də baş verib.
Bakupost.az xəbər verir ki, yerli hakimiyyət orqanları əhali üçün təcili əlaqə nömrələri yaradıb. Başlanğıcda insan tələfatı barədə məlumat verilməsə də, sonrakı saatlarda 7 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı təsdiqlənib. Məzari-Şərifdə bir çox sakin mümkün təkanlardan ehtiyat edərək evlərini tərk edib. Zəlzələ paytaxt Kabulda da hiss olunub.
Bu ilin avqust ayının sonunda Əfqanıstanın şərqində 6 bal gücündə zəlzələ nəticəsində 2200-dən çox insan həyatını itirmişdi. Avrasiya və Hindistan tektonik plitələrinin kəsişməsində yerləşən Əfqanıstan tez-tez güclü yeraltı təkanlarla sarsılır. Ölkənin şimal-şərqində 1900-cü ildən bəri 7 və ya daha yüksək gücdə 12 zəlzələ qeydə alınıb.
2023-cü ilin oktyabrında isə Əfqanıstanın qərbindəki Herat vilayətində 6,3 bal gücündə zəlzələ və ardıcıl təkanlar baş vermişdi. “BMT”nin məlumatına əsasən, 1500-dən çox insan həyatını itirmiş, 63 mindən çox ev dağılıb və ya zərər görmüşdü.
Cavid, BakuPost